Keçid linkləri

2025, 24 Yanvar, Cümə, Bakı vaxtı 23:42

Belarusda prezident seçkisi Lukaşenko üçün son seçki ola bilərmi?


Belarus prezidenti Aleksandr Lukaşenko. 1994
Belarus prezidenti Aleksandr Lukaşenko. 1994

Müxalif düşüncəli belarusluların da dediyi kimi, Belarusda yanvarın 26-da keçiriləcək prezident seçkiləri gerçək seçki deyil. Müstəqil media məhv edilib, ya da ölkəni tərk etməyə məcbur edilib, həqiqi müxalif namizədlər yoxdur, səsvermə isə, olsa-olsa, Lukaşenkonun hakimiyyətinin möhkəmləndirilməsindən ötrü görülən tədbirdir. AzadlıqRadiosunun əməkdaşı Lük Olnatın qələmə aldığı təhlil yazısında deyilir ki, bu seçki azad və ədalətli olmayacaq.

İki siyasətçinin qeydiyyat üçün müraciəti rədd edilib. 1994-cü ildən bəri hakimiyyətdə olan Lukaşenko da daxil, cəmi beş namizəd var. Onlardan üçü hökumətyönlü partiyaları təmsil edir. Biri - Anna Kanopatskaya isə üzdən müstəqil olsa da, çoxları onu rejimin oyuncağı olmaqda suçlayır.

Ötən seçki unudulmur

2020-ci ildə keçirilən sonuncu prezident seçkisində illərcə görünməmiş bir hadisə baş verdi. Bir neçə müxalifət liderinin seçki kampaniyasından öncə həbsə atılmasından sonra Svetlana Tixanovskaya ortaya çıxdı. Onun seçkidə qalib gəlmək şansının güclü olduğu düşünülürdü.

Beynəlxalq ictimaiyyətin saxta adlandırdığı bu seçkidə Tixanovskaya məğlub oldu. Ancaq onun kampaniyası güclü dəstək qazanaraq Belarus müxalifətini dirçəltdi və on minlərlə insanı seçki sonuclarına etiraz üçün küçələrə çıxardı.

Etirazlar amansızlıqla yatırıldı. Minlərlə insanı güvənlik qüvvələri həbsə atdı. Onların bir çoxu həbsxanada qaba davranış və işgəncəyə məruz qaldığını bildirdi. Tixanovskaya ölkədən getməyə və işini Litvada davam etdirməyə məcbur qaldı.

Belarusa geri dönərsə, həbs ediləcəyini bilən Tixanovskaya əslində çarəsiz duruma düşüb. O, hökumətin hücumlarının yenidən baş qaldıracağından qorxduğundan vətəndaşları etiraz etməkdən çəkindirib. Bunun əvəzində belarusları seçki bülletenlərində "hamıya qarşı" səs verməyə, yaxud yerli-dibli səs verməməyə çağırıb.

Hökumətin sonuncu seçkilərdən sonra gerçəkləşdirdiyi repressiyalar Belarus müxalifətinə çox ağır zərbə vurub və ölkənin bir gün liberallaşacağına olan bütün ümidləri məhv edib.

Çox sayda etirazçı ölkədən qaçmağa məcbur qalıb və ya həbsə atılıb. Müstəqil media, o sıradan AzadlıqRadiosu bağlanıb, bloklanıb, yaxud xaricdən fəaliyyət göstərməyə məcburdur. "Lawtrend" təşkilatının apardığı monitorinqin nəticələrinə görə, 2020-ci ildən bəri 1161 QHT bağlanmağa məcbur edilib.

Hazırda Belarusda 1300-ə yaxın siyasi məhbus var. Onların arasında Nobel Sülh Mükafatı laureatı, ictimai fəal Ales Belyatski və AzadlıqRadiosunun Belarus xidmətində çalışmış üç jurnalist də var. Həbsxanada ağır şəraitdə saxlanan bu insanların tibb xidmətlərinə çıxışına və yaxınları ilə görüşünə imkan verilmir.

Aleksandr Lukaşenko Minsk yaxınlığındakı prezident iqamətgahında kartof yığır.
Aleksandr Lukaşenko Minsk yaxınlığındakı prezident iqamətgahında kartof yığır.

Seçkilərdən öncə müxalifətə basqılar çoxalıb. Hökumət ötən ilin noyabrında Müxalifətin Əlaqələndirmə Şurası ilə bağlı 100-dən artıq reyd keçirib. 20 alim, jurnalist və fəal Tixanovskaya ilə bağlantıda suçlanıb. Onların özləri ölkədə olmasa da, barələrində hökm çıxarılıb.

Hökumətin 2020-ci ildəki etirazların yenidən baş qaldıracağından narahat olduğu aşkardır. Hökumət cəmiyyətə ötürdüyü mesajlarda bu seçkinin Lukaşenkonun populyarlığına dair referendum deyil, artıq baş vermiş fakt olduğu fikrini yeritməyə çalışır.

Xokkeyçi və odunçu Lukaşenko?

Dövlət mediası və hökumətyönlü sosial media hesabları Lukaşenkonu sərt siyasətçidən çox xokkey oynayan və odun yaran adi adam kimi göstərən görüntülər yayır.

Hətta Lukaşenkonun özü də prezident seçkisinin önəmli olduğuna inanmış kimi görünmür. "TikTok"da yayılan bir hökumətyönlü videoda Lukaşenko seçkilərdən söz açsa da, açıqca deyir ki, "onlarda iştirak etməyə gərək yoxdur".

Ancaq dövlət qurumları ehtiyat tədbirlərini görür, dövlət televiziyasında səsvermə yerlərində geniş güvənlik tədbirlərinin görüldüyü haqda proqramlar göstərilir. Onlar bununla gənc etirazçıların küçəyə çıxmamasına nail olmaq istəyirlər. Lukaşenko kütləvi etirazların baş verəcəyi təqdirdə interneti söndürəcəyi ilə hədələyib. Hökumət qurumları insanların doldurulmuş seçki bülletenlərinin şəklini çəkməsini yasaqlayıb. 2020-ci ildə vətəndaşlar bu üsuldan saxtakarlığı ifşa etmək üçün geniş yararlanırdılar.

Bu il ölkə xaricində seçki məntəqələri olmayacaq. Rejim, əsasən, Lukaşenkoya qarşı olan diasporun səsindən ehtiyatlanır.

Yanvarın 17-də Birləşmiş Ştatların ozamankı dövlət katibi Antoni Blinken deyib ki, Belarusdakı "repressiv ortam” legitim demokratik prezident seçkisinə imkan vermir. Yanvarın 22-də isə Avropa Parlamenti seçkini "saxta" adlandıran qətnamə qəbul edib. Ancaq belə bəyanatların Belarusda hər hansı dəyişiklik edəcəyi, yaxud Lukaşenko üçün ciddi nəticələr doğuracağı gözlənilmir.

Aleksandr Lukaşenko və oğlu Nikolay Vitebskdə "Slavyan bazarı-2020" beynəlxalq incəsənət festivalının açılışında.
Aleksandr Lukaşenko və oğlu Nikolay Vitebskdə "Slavyan bazarı-2020" beynəlxalq incəsənət festivalının açılışında.

Ölkə öz ərazisini Rusiyanın ixtiyarına verib

Belarus lideri son bir neçə onillik ərzində bir neçə dəfə üzünü Qərbə tərəf çevirib, diplomat və mütəxəssislər vaxtaşırı Belarusun əsas müttəfiqi olan Rusiyadan bağlarını qoparmasından danışıblar.

Ancaq o günlər çoxdan geridə qalıb. 2020-ci ildən bəri Minsk Moskva ilə bağlarını daha da dərinləşdirib. Bu, özəlliklə hərbi sahədə özünü daha çox göstərir. Belarus Ukraynaya hücum etməsi üçün öz ərazisini Rusiyanın ixtiyarına verib. Ölkə ərazisində Rusiya ilə birgə hərbi təlimlər keçirilir.

Aİ və ABŞ Belarusa qarşı sanksiyalar tətbiq edib. Bu sanksiyalara aktivlərin dondurulması, səyahət və ticarət qadağaları da daxildir. Buna baxmayaraq, Belarus iqtisadiyyatı Rusiyanın dəstəyi ilə çətinliyə davam gətirə bilib. Bu dəstəyə ucuz qaz, borclardan azad edilmə və Rusiya bazarına öncəlikli çıxış da daxildir.

Hazırda 70 yaşı olan Lukaşenkonun xəstə olmasına dair şayiələr gəzir. Son aylarda o, Belarus siyasətində nəsil dəyişikliyinə ehtiyac olması haqda danışıb. Bu da bunun Lukaşenkonun sonuncu prezidentlik müddəti olmasına dair təxminlərə yol açıb.

Lukaşenkonun 20 yaşı olan kiçik oğlu Nikolayın hakimiyyət kürsüsündə atasını əvəzləyəcəyi barədə söz-söhbət var. Lukaşenkonun Təhlükəsizlik Şurasına, yaxud Ümumbelarus Xalq Məclisinə daha çox yetki verəcəyi haqda da söhbətlər eşidilir. Lukaşenkonun sədrlik etdiyi Xalq Məclisi 2022-ci ildə konstitusion orqan halına gətirilib.

Hansı versiya həyata keçirsə-keçsin, Rusiya hakimiyyətində ciddi dəyişiklik baş verməyincə Minsk Moskva ilə bağlarını dərinləşdirməyə davam edəcək. İmzalanan birtərəfli sazişsə Belarusu get-gedə daha çox Rusiya dövlətinin vassalı halına gətirəcək.

XS
SM
MD
LG