Keçid linkləri

2025, 24 Yanvar, Cümə, Bakı vaxtı 23:40

Trampın yeni sanksiya təhdidinə laqeyd görünən Kreml narahat olmalıdırmı?


Donald Tramp və Vladimir Putinin Helsinkidə təkbətək görüşü. 2018
Donald Tramp və Vladimir Putinin Helsinkidə təkbətək görüşü. 2018

Bu həftə keçirilən inauqurasiya mərasimindən və ötən ilin noyabrında baş tutan prezident seçkisindən çox əvvəl Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün vasitəçi olacağını vəd etmişdi. Lakin o, üç ildən artıqdır ki davam edən bu müharibəni necə dayandıracağı barədə təfərrüatı demirdi.

Yanvarın 22-də, prezidentliyə başladıqdan iki gün sonra Tramp Rusiyanı danışıqlara cəlb etmək üçün əl atacağı vasitəni açıqlayıb: Moskva müqavimət göstərərsə, ona əlavə sanksiyalar tətbiq etmək.

ABŞ prezidenti "Truth Social" sosial media platformasındakı paylaşımında yazmışdı: "Əgər biz razılaşma əldə etməsək, tezliklə, Rusiyanın ABŞ və digər iştirakçı ölkələrə satdığı hər şeyə yüksək vergilər, rüsumlar və sanksiyalar tətbiq etməkdən başqa bir seçimim qalmayacaq".

Trampın keçmişdə Putini tərifləməsi, ABŞ-nin Ukraynaya göndərdiyi yardımlara tənqidi yanaşması və döyüşlərin tez bir zamanda sona çatdırılmasına olan açıq həvəsi Ukrayna tərəfdarları arasında narahatlıq yaradıb. Onlar Trampın bir razılaşma uğrunda Kiyevin maraqlarını qurban verə biləcəyindən və nəticədə Rusiyanı gücləndirə biləcəyindən narahatdırlar.

Lakin bu həftə Tramp sərt danışıb. Onun yanvarın 22-də etdiyi paylaşımı Trampın Rusiya ilə bağlı kəskin şərhlərinin ən sonuncusudur. Daha əvvəl o, müharibənin Rusiyanı məhv etdiyini və Putinin sülh üçün gec olmadan addım atmalı olduğunu irəli sürən bir sıra kəskin açıqlamalar verib.

Kremlin laqeydliyi - "Düşmən bizim qapımızdadır?"

Trampın sərgilədiyi bu ton və məzmun Kiyevi və onu Rusiyaya təzyiq göstərməyə təşviq edən Qərb tərəfdarlarını məmnun salıb. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa prezident Trampın şərhlərinin "güclü siqnal" göndərdiyini bildirib.

Ancaq Moskva yeni sanksiya təhdidinin təsirli olmayacağı yanaşmasını nümayiş etdirir. Putinin sözçüsü Dmitri Peskov yanvarın 23-də bildirib ki, Kreml Trampın sanksiyalarla bağlı təhdidində "xüsusilə yeni bir element görmür".

Kremlə yaxın televiziya aparıcısı Vladimir Solovyov da eyni şəkildə, lakin daha sərt ifadələrlə məsələni kiçildib və rusiyalılara narahat olmamağı tövsiyə edib. O, "Telegram"da yerləşdirdiyi videoşərhdə belə deyib: "Nə, Rusiya ilə bu cür danışmaq olarmı? Nə, biz müharibəni uduzuruq? Düşmən qapılarımıza qədər gəlib?".

Solovyovun bu şərhi Putinin müharibənin Rusiyanın xeyrinə getdiyinə dair açıq-aydın özünəinamını təkrarlayır.

Vladimir Putin
Vladimir Putin

Lakin bu yanaşmanın altında hər iki məsələyə dair narahatlıqlar gizlənə bilər və bəzi mütəxəssislər Trampın yeni sanksiya təhdidinin bu narahatlıqları daha da gücləndirəcəyini bildirib.

London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Rusiya və Avrasiya üzrə baş elmi işçisi Naycel Quld-Deyvis AzadlıqRadiosuna verdiyi müsahibədə belə deyib: "Düşünürəm ki, bu, həqiqətən də, Kremli sarsıdacaq".

O bildirib ki, ABŞ prezidenti "demək olar, mümkün olan ilk anda öz mövqeyini ortaya qoyur".

Quld-Deyvis əlavə edib ki, Tramp son şərhlərində müharibəni sona çatdırma məsələsini "Putini güzəştə getməyə məcbur etmək" şəklində qurub: "Bu, Ukraynanı güzəştə getməyə məcbur etmək tonunda deyil".

"Onun üçün bu, mövcudluq məsələsidir"

Yanvarın 23-də "Reuters" "vəziyyətdən xəbərdar" beş mənbəyə istinadən bildirib ki, "Putin Rusiyanın müharibə iqtisadiyyatındakı saxtakarlıq və əyriliklərdən daha çox narahat olmağa başlayıb". Məlumatda Rusiya Mərkəzi Bankının direktorunun keçmiş müavini Oleq Vyuqinin fikrinə istinad edilib. "Rusiyanın, əlbəttə ki, münaqişəyə diplomatik son qoymaq üçün iqtisadi maraqları var", - o deyib.

Artan iqtisadi problemlər "Rusiyanın elitası arasında müharibənin diplomatik həllinin arzuolunan olduğu görüşünü gücləndirib", – "Reuters" anonimlik şərti ilə danışan iki mənbəyə istinadən yazıb.

Bəzi analitiklər isə bu məsələyə şübhəli yanaşırlar. Onların fikrincə, iqtisadi çətinliklər, hətta Ukraynanın işğal olunan 20 faizlik hissəsində qeyri-rəsmi nəzarətə fürsət verən atəşkəs və ya sülh müqaviləsi Putini Ukraynanı zəbt etmə məqsədindən əl çəkməyə vadar etməyəcək.

Karneqi Fondunun Rusiya və Avrasiya Mərkəzinin baş elmi işçisi Tatyana Stanovaya X hesabındakı paylaşımında yazıb ki, Rusiya iqtisadiyyatındakı çətinliklərin Moskvanı müharibəni dayandırmağa sövq etməsi inandırıcı deyil: "Biz iqtisadi narahatlıqların Putinin Ukrayna ilə bağlı planlarına təsirini həddindən artıq şişirtməkdən qaçmalıyıq. Fikrimcə, iqtisadi vəziyyətdən asılı olmayaraq, Putin müharibəni Rusiya şərtləri ilə sona çatdırmağa davam edəcək. Onun üçün bu, mövcudluq məsələsidir. O, 'dost Ukrayna' olmadan Rusiyanın uzunmüddətli mövcudluğunun risk altında olduğuna dərindən inanır".

Neft tankeri
Neft tankeri

İkinci dərəcəli sanksiyalar və "kölgə donanması"

Skeptiklər Putinin 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı hücuma başladığı gündən bəri tətbiq olunan ardıcıl Qərb sanksiyalarının Rusiyanı zəiflətmədiyini vurğulayır. Başqa bir sual isə Bayden administrasiyasının Trampın inauqurasiyasından 10 gün əvvəl tətbiq etdiyi sanksiyalardan sonra daha hansı cəzalandırıcı addımların qalmasıdır. ABŞ rəsmiləri Baydenin son sanksiyalarını Rusiyaya qarşı ən əhəmiyyətli məhdudlaşdırıcı addımlar kimi qiymətləndiriblər.

Naycel Quld-Deyvis güclü potensial sanksiyaların hələ də mövcud olduğunu düşünür.

"Birləşmiş Ştatlar ikinci dərəcəli sanksiyalar kimi unikal və qorxulu bir silaha malikdir", - o deyib. Tədqiqatçı bildirib ki, bu sanksiyalar Rusiyaya deyil, digər ölkələrə və qurumlara yönəldilir. Bunun məqsədi isə həmin ölkələr və ya qurumların Moskvaya müharibəni sürdürməyə kömək edən əməliyyatlar aparmasına mane olmaqdır. Vaşinqton və Qərb həmçinin Rusiyanın "kölgə donanması" üzərində sanksiyaları artıra bilər. Bu, sanksiyalardan yan keçmək və neft gəlirlərini saxlamaq üçün istifadə edilən köhnə və sığortasız gəmilərdir.

Rusiya geniş sanksiyaları və texnologiya qadağalarını Çin, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi üçüncü ölkələrdəki vasitəçilərin köməyi ilə yüngülləşdirə bilib. Yeni Amerika Təhlükəsizlik Mərkəzinin sanksiyalar üzrə mütəxəssisi Reyçel Ziemba bu ölkələrin ikinci dərəcəli sanksiyalara həssas və dayanıqsız ola biləcəyini qeyd edib. Xüsusilə Çin Rusiyaya ikili istifadə texnologiyalarının göndərilməsi və neft alınması sahəsində mühüm rol oynayıb.

"Tramp administrasiyası Rusiyanın hərbi təchizat zəncirlərinə dəstək verən və Rusiyadan neft alan Çin banklarına sanksiya tətbiq etməyə hazırdırmı və bu məsələdə Bayden administrasiyasından daha çox iş görəcəkmi? Bunun nə qədərini ritorika, nə qədərini real addım təşkil edir, bu, hələ açıq sualdır", –o əlavə edib.

XS
SM
MD
LG