Ermənistan parlamentində "Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında" qanunvericilik təşəbbüsü hələ müzakirəyə çıxarılmasa da, baş nazir Nikol Paşinyan bu qanunun qəbul olunacağına inandığını bildirib.
Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Ermənistan hökumət başçısı panel müzakirəsində bu haqda məlumat verib.
"Əslində bu, vətəndaş cəmiyyətinin təşəbbüsü idi. Onlar Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə başlamaqla bağlı qanun layihəsi təqdim etdilər. Hökumətimiz bunu təsdiqlədi və parlamentimizin bu qanunu qəbul edəcəyi ehtimalı çox yüksəkdir. Bu, hüquqi baxımdan o deməkdir ki, biz Avropa İttifaqına daha da yaxınlaşmaq prosesinə başlayırıq. Niyə Avropa İttifaqına yaxın olmaq istəyirik? Çünki biz demokratik bir ölkəyik", – baş nazir bildirib.
Yanvarın 9-da hökumət Ermənistanın Avropa İttifaqına qoşulma prosesinə başlamaq haqqında qanun layihəsini təsdiqləyib. Layihənin müəllifləri Qərbpərəst "Avroreferendum" partiyasının üzvləridir. Onlar qanun layihəsini parlamentə təqdim etmək üçün qanunla tələb olunan 50 mindən çox imza toplamışdılar.
Moskva elə həmin gün Ermənistan hökumətinin bu qərarına reaksiya verib. Rusiya baş nazirin müavini bu addımı Avrasiya İqtisadi İttifaqından çıxışın başlanğıcı kimi gördüklərini və bu vəziyyəti nəzərə alaraq Yerevana qarşı iqtisadi siyasət hazırlayacaqlarını bəyan edib.