Yanvarın 23-də ictimai fəal, "Tolışi sədo" (Talışın səsi) qəzetinin keçmiş redaktoru Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid kimi ifadə verdiyini bildirib.
Onun sözlərinə görə, dövlətə xəyanətdə ittiham edilən İqbal Əbilovun işində şahid qismində dindirilib.
H.Məmmədov İ.Əbilovun günahsız olduğuna inanır: "Azərbaycanın belə görkəmli ziyalıları öz elmi tədqiqatlarını davam etdirmək üçün həbsxanada yox, azadlıqda olmalıdırlar".
O qeyd edib ki, sorğu-sual təxminən iki saat sürüb, onunla rəftar nəzakətli olub.
Onun açıqlamasına DTX-dən münasibət almaq mümkün olmayıb.
Belarusda yaşayan İ.Əbilov ötən il iyulun 22-də Azərbaycana qohumlarının yanına gələrkən saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və ya onların nümayəndələrinin tapşırığı ilə dövlətə qarşı yönəlmiş ictimai çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılması) maddələri ilə ittiham irəli sürülüb. Əbilov ittihamları rədd edir və yalnız elmi fəaliyyətlə məşğul olduğunu bildirir.
36 yaşlı İ.Əbilov virtual "Talış Milli Akademiyası"nın mətbu orqanı olan "Talış Milli Akademiyasının xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər, tədqiqatlar dərc edilib.
İ.Əbilov 2012-ci ildə Belarus Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriatını, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.