Putin: 'Doğrudan da, Trampla görüşsək yaxşıdır'

Helsinkidə Tramp-Putin görüşü. 2018

Rusiya prezidenti Vladimir Putin qarşılıqlı maraq doğuran məsələləri "sakitcə" müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampla görüşmək istədiyini bildirib.

"Doğrudan da, bu günün reallıqlarına əsaslanaraq görüşməyimiz, həm ABŞ, həm də Rusiyanı maraqlandıran bütün sahələr üzrə sakit danışmağımız daha yaxşı olardı. Biz hazırıq", - Putin "Rossiya 24" telekanalının efirində Pavel Zarubinə müsahibəsində deyib.

Putin Trampı "təkcə ağıllı deyil, həm də praqmatik insan" adlandırıb. Rusiya prezidentinin fikrincə, o, Amerika iqtisadiyyatına ziyan vuracaq sanksiyalarla bağlı qərarlar qəbul etməyəcək.

Cümə günü yayımlanan həmin müsahibədə Putin bildirib ki, onun Trampla "həmişə sırf işgüzar, eyni zamanda praqmatik və etibarlı" münasibətləri olub. "Mən onunla razılaşmaya bilmərəm ki, 2020-ci ildə onun qələbəsini oğurlamasaydılar, bəlkə də, 2022-ci ildə Ukraynada yaranmış bu böhran olmazdı", - o əlavə edib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Putinin Trampla danışığa hazır olduğunu bildirmişdi. "Putin hazırdır, siqnalları gözləyirik", - o, cümə günü jurnalistlərin suallarını cavablandırarkən deyib.

Peskov, digər məsələlərlə yanaşı, Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticəsinin dünya neft qiymətlərindən asılı olmadığını, hərbi əməliyyatların Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdidlə bağlı olduğunu söyləyib.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Putinin əvvəlki ABŞ administrasiyasının rəhbəri Co Baydenlə şəxsi görüşü olmayıb.

Yanvarın 22-də Tramp Putinə müraciət edərək sövdələşməyə getməyə və müharibəni dayandırmağa çağırıb. ABŞ prezidentinin sözlərinə görə, Rusiya razı olmazsa, Vaşinqton ona qarşı yeni rüsumlar və sanksiyalar tətbiq edə bilər. Bununla belə, Tramp təklif etdiyi "sövdələşmə"nin məzmunu ilə bağlı təfərrüatları açıqlamayıb.

V.Putin dəfələrlə vurğulayıb ki, Rusiya yalnız Ukrayna Moskvanın daha əvvəl ilhaqını elan etdiyi dörd bölgədən qoşunlarını çıxararsa, sülh danışıqlarına gedəcək. Kiyev bunu özü üçün qəbuledilməz şərt adlandırır.

Ukrayna prezidenti Volodimir Zelenski "Bloomberg"ə müsahibəsində Rusiya ilə danışıqlar "güclü mövqedən" aparılacaqsa, ona hazır olduğunu bildirib. Bunun üçün Ukrayna, onun sözlərinə görə, Birləşmiş Ştatlardan lazımi təhlükəsizlik zəmanəti almalıdır.