ABŞ prezidenti Donald Tramp Ukrayna-Rusiya müharibəsi ilə bağlı sülh sazişi çağırışlarını gücləndirdiyi bir vaxtda Ukrayna prezidenti Volodimir Zelenski 200 minlik Avropa sülhməramlısının onun ölkəsinə göndərilməsini təklif edir.
Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində yanvarın 22-də panel müzakirəsi zamanı Rusiya ilə gələcək atəşkəs sazişinin təmin edilməsi üçün sülhməramlı qüvvənin sayı haqda suala Zelenski belə cavab verib: "Bütün Avropadan? 200 min – bu minimumdur. Minimumdur, əks halda, heç nədir".
Zelenski deyib ki, Kiyevin Rusiya prezidenti Vladimir Putinlə atəşkəs danışıqlarına başlamaq ehtimalı yaranarsa, belə bir kontingent ehtiyac duyacağı ümumi təhlükəsizlik təminatlarının yalnız bir hissəsi olacaq.
Bundan əlavə, Zelenski "Bloomberg News"a verdiyi açıqlamada bildirib ki, hər hansı sülhməramlı qüvvənin effektivliyi üçün o mütləq ABŞ qoşunlarını özündə ehtiva etməlidir.
"Bu, ABŞ-siz mümkün deyil", –o, "Bloomber"in baş redaktoru Con Mikletveytə bildirib. "Ola bilsin, bəzi avropalı dostlarımız bunun mümkün olduğunu düşünürlər, amma yox, bu mümkün deyil. Heç kim ABŞ olmadan riskə getməyəcək. İkincisi, bu, NATO-nu, ABŞ-ni və Avropa İttifaqını bölə bilər. Bu alyansı parçalamaq Putinin arzusudur".
Tramp Rusiyaya üçüncü dəfə xəbərdarlıq edib
ABŞ prezidenti Donald Tramp isə müharibənin dayandırılması ilə bağlı Rusiyaya qarşı xəbərdarlığını intensivləşdirib. Yanvarın 20-də andiçməsi baş tutan yeni prezident artıq üçüncü dəfə Rusiyaya bu müharibəni dayandırmaqla bağlı çağırış edib və əks təqdirdə Kremlin yeni sanksiyalarla üzləşəcəyini bildirib.
Tramp yanvarın 22-də "Truth Social" platformasındakı paylaşımında bildirib ki, tezliklə razılaşma olmasa, Rusiya tərəfindən ABŞ və digər iştirakçı ölkələrə satılan məhsullara rüsum və ya sanksiya tətbiq etməkdən başqa seçimi olmayacaq. "Bunu asan yolla və ya çətin yolla edə bilərik. Asan yol həmişə daha yaxşıdır", –Tramp vurğulayıb.
"İndi razılığa gəlin və bu absurd müharibəyə son qoyun!", – o, əlavə edib.
21 yanvar
Tramp: Putin Ukrayna ilə sülh razılaşmasına getməməklə Rusiyanı 'məhv edir'
Putin Ukrayna müharibəsini bitirmək üçün razılığa gəlməməklə Rusiyanı "məhv edir". Bunu andiçmə mərasimində sonra Ağ evə gələn ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib.
"O, razılaşma bağlamalıdır. Məncə, razılaşmaya getməməklə o, Rusiyanı məhv edir. Rusiyanın böyük problemlərlə üzləşəcəyini düşünürəm. Məncə, müharibəni bitirmək onun üçün çox yaxşı olardı", - ABŞ dövlət başçısı bildirib.
"Çoxları düşünürdü ki, bu müharibə cəmi bir həftəyə bitəcək. Hesab edirəm ki, bu müharibəni bitirməklə o, özünə böyük xeyir etmiş olar", - o vurğulayıb.
Tramp yaxın zamanlarda Putinlə danışa biləcəyini əlavə etsə də, bununla bağlı dəqiq vaxt verməyib.
"Mən Putinlə çox yaxşı anlaşırdım. Ümid edirəm ki, o, razılaşma əldə etmək istəyir", – Tramp mümkün görüş barədə danışarkən deyib.
ABŞ prezidenti həmçinin bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski də ona müharibəni bitirmək üçün sülh razılaşmasının əldə olunmasını istədiyini söyləyib.
Prezident seçkisi kampaniyası zamanı Tramp vəzifəyə gəldikdən sonra Ukrayna müharibəsini 24 saat ərzində bitirəcəyinə söz vermişdi. Son həftələrdə bu açıqlamalarından geri çəkilsə də, müharibəni tez bir zamanda başa çatdıracağına dair öhdəliyini yenə də vurğulayır.
Bir çox analitiklər hesab edirlər ki, yaxın zamanda müharibəni bitirmək çətin olacaq, çünki Putin qalib gəldiyinə inanır və döyüşləri dayandırmaq üçün heç bir motivasiya görmür.
"Münaqişə sabah və ya birigün həll olunmayacaq"
San-Dieqo Dövlət Universitetinin Rusiya və Ukrayna üzrə ixtisaslaşmış politologiya professoru Mixail Alekseyev yanvarın 15-də AzadlıqRadiosuna şərhində bildirib ki, "Trampın komandası bu məsələlərə ciddi yanaşmağa başladıqda Putinin Ukraynanı tam nəzarət altına almaq istəyindən vaz keçməsinin prosesdə ən çətin mərhələ olduğunu anlayacaq".
Alekseyevin sözlərinə görə, Tramp Putini döyüşləri dayandırmağa məcbur etməkdə ciddidirsə, Ukraynaya yardımı davam etdirməlidir.
Rusiya Ukraynanın canlı qüvvə çatışmazlığı fonunda müharibənin başlanğıcından bəri şərqi Ukraynada ən sürətli irəliləyişə nail olub.
Ukraynanın tərəfdarları narahatdır ki, Tramp, Bayden administrasiyasının Ukraynaya ayırdığı yardımı dayandıraraq Kiyevi güzəştlərə məcbur edə bilər. Bu güzəştlər sırasında Kiyevin hazırda Rusiya qüvvələrinin nəzarətində olan Ukrayna ərazilərindən imtina etməsi də səsləndirilir.
Bununla belə, bəzi ekspertlər Trampın Ukraynanı tamamilə tərk edəcəyinə şübhə ilə yanaşır. Onların fikrincə, 2021-ci ilin avqustunda "Taliban"ın Kabili ələ keçirməsinin Bayden administrasiyasının nüfuzuna ziyan vurduğu kimi, Rusiyanın qələbəsi də Trampın imicinə ciddi zərbə ola bilər.
Rusiya 2022-ci ilin fevralındakı genişmiqyaslı işğaldan əvvəl - 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib və şərqi Ukraynada separatçılara dəstək verərək böyük əraziləri ələ keçirib. Sonradan Kreml bu əraziləri Rusiya ərazisi tanıyıb.
Professor M.Alekseyev hesab edir ki, Tramp Putinin Ukrayna ilə bağlı mövqeyini dəyişdirmək üçün Kremlin Arktika, Yaxın Şərq və Afrika kimi regionlardakı maraqlarına qarşı addımlar ata bilər. Eyni zamanda, Kremlin müttəfiqləri – İran və Şimali Koreyaya qarşı təzyiq göstərə bilər.
Trampın son açıqlamalarından bir neçə saat əvvəl isə Fransa prezidenti Emmanuel Makron potensial sülh danışıqlarından əvvəl Kiyevin mövqeyinin gücləndirilməsinin vacibliyi ilə bağlı çıxış edib. Müharibənin uzun müddət davam etmə ehtimalına toxunan Makron "Özümüzü aldatmayaq, bu münaqişə sabah və ya birigün həll olunmayacaq" deyə Fransa hərbçilərinin qarşısındakı çıxışında bildirib.