Keçid linkləri

2025, 30 Yanvar, Cümə axşamı, Bakı vaxtı 10:52

Qoşunlar Suriyadan çıxandan bəri Rusiya hərbi donanmasının gəmiləri sahil boyunca boş-boş dolaşır


Türkiyənin Bosfor boğazından keçən "Sparta II" yük gəmisi yanvarın əvvəlində Suriyanın Tartus limanına yan alan iki gəmidən biridir.
Türkiyənin Bosfor boğazından keçən "Sparta II" yük gəmisi yanvarın əvvəlində Suriyanın Tartus limanına yan alan iki gəmidən biridir.

"Sparta" və "Sparta II" adlı iki Rusiya yük gəmisi həftələrlə Suriya sahillərində boş-boş dolaşdıqdan sonra yanvarın 22-də Tartus limanına yan alıb. Əsgərlərin keşik çəkdiyi ağır silahlar, hərbi maşınlar, artilleriya və sursat yeşikləri həftələr boyunca Tartus limanında gəmilərə yüklənməsini gözləyirdi. Gəmilərin limana yan aldığı gün Suriyanın yeni hökuməti 49 illik icarə sazişinə xitam verib.

Bəs bu gəmilər hara yönələcək? Liviyaya işarə edən ekspertlərin sayı get-gedə çoxalır. Texnikanın Liviyaya köçürülməsi Moskvaya bölgədəki iştirakını müəyyən qədər saxlamaq, habelə Afrikadakı ziddiyyətli əməliyyatları ilə körpü yaratmaq imkanı verə bilər. Sudanla Əlcəzairi də variant kimi görənlər var.

AzadlıqRadiosunun əməkdaşları Mayk Ekel və Mark Krutovun hazırladığı analitik yazıda deyilir ki, Rusiyanın Suriyadakı hərbi iştirakının sona çatması bütün hallarda bölgədəki hesabları dəyişdirir.

Ciddi logistika problemi

"Qısamüddətli perspektivdə bu, yetərincə ciddi logistika problemi deməkdir, ancaq, bəlkə də, orta perspektivdə problem o qədər də ciddi olmayacaq. Liviyadakı variantların çoxunda… öncədən mövcud ciddi dəniz obyektləri yoxdur. Olan infrastrukturun da xeyli bölümü savaş zamanı zədələnib. Böyük ehtimalla, ruslar sıfırdan tikməli olacaqlar", - Londonda yerləşən beyin mərkəzi Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) baş tədqiqatçısı Sidhart Kauşal belə deyir.

Daha bir problem Rusiyanın Qara dənizə çıxışının məhdud olmasıdır. Bir əsr öncə bağlanmış müqaviləyə görə, bəlli hərbi gəmilərin Bosfor boğazından keçməsinə icazə verilmir. Rusiyanın sualtı donanması hələ də zəhmli güc kimi qalsa da, onun suüstü donanması get-gedə köhnəlir və qırılıb-tökülən paslı donanma təsiri bağışlayır.

"Rusiya donanmasının Tartusa ehtiyaclarının olmadığını göstərmək və simalarını qoruyub saxlamaq məqsədilə qısamüddətli perspektivdə Şərqi Aralıq dənizində hər hansı formada iştirakını qoruyub saxlamağa cəhd göstərəcəyi mümkündür”, - Britanıyanın təhlükəsizlik üzrə araşdırma qrupu olan "Janes"in baş donanma təhlilçisi Mayk Plankettin fikridir.

"Di gəl, Qara dənizin yaxın gələcəkdə Rusiya hərbi gəmilərinə qapalı qalacağını düşünsək, Rusiyanın Aralıq dənizindəki daimi varlığının qısa zamanda özünü doğrultmamağa başlayacağı və yüksək öncəlikli vəzifələrin xeyrinə ondan əl çəkiləcəyi ehtimalı çox yüksəkdir", - yenə onun sözləridir.

2017-ci ilin dekabrında Rusiya prezidenti Vladimir Putinin Suriyaya elan olunmamış səfəri Moskvanın Suriya lideri Bəşər əl-Əsədi dəstəkləmək üçün ondan iki il öncə başladığı missiyanın yerinə yetirilməsi kimi qələmə verilmişdi.

"Siyasi çözüm ortamı"

Tartus və sahildən 60 kilometr aralıda yerləşən Hmeymim hava bazasından yararlanan Rusiya qüvvələri Suriya hərbi hava qüvvələrinin ölkənin bəzi şəhərlərini dağıtmasına kömək edib və çox sayda insan ölümünə səbəb olub.

"Suriya suveren, müstəqil dövlət kimi xilas edilib, qaçqınlar evlərinə qayıdır və BMT-nin himayəsi altında siyasi çözüm ortamı yaradılıb", - o zaman Putin belə demişdi.

Vladimir Putin və ovaxtkı Suriya prezidenti Bəşər Əsəd Suriyadakı Hmeymim aviabazasında rusiyalı pilotlarla şəkil çəkdirirlər.
Vladimir Putin və ovaxtkı Suriya prezidenti Bəşər Əsəd Suriyadakı Hmeymim aviabazasında rusiyalı pilotlarla şəkil çəkdirirlər.

O zaman Rusiyanın müdaxiləsi hadisələrin gedişatını Əsədin xeyrinə çevirmişdi. Ancaq bir neçə il sonra Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlamaq qərarına gələn Moskvanın başı qarışdı. Artıq üçüncü ilini tamamlamaqda olan bu müharibə hələ də nəhəng hərbi resurs və canlı qüvvə "yeməkdə" davam edir. Bu da o deməkdir ki, Suriya daha yüksək öncəlikli məsələ deyil.

Ötən ay "Həyat Təhrir əş-Şam" (HTŞ) qrupunun başçılığı ilə Dəməşqə girən suriyalı üsyançılar Əsəd və ailəsini Moskvaya qaçmağa məcbur ediblər.

Digər üsyançı qruplar kimi HTŞ də Rusiyanın Suriyadakı varlığından və ölkənin müxtəlif yerlərində törətdiyi zorakılıqdan məmnun deyildi. Avadanlığın bir hissəsini vətənə daşımaq üçün artıq Rusiya ərazisindən davamlı olaraq ağırtonnajlı yük təyyarələri gəlib-getməyə başlayıb.

Ancaq bununla yanaşı, Rusiyanın ölkədə varlığını, az da olsa, qoruyub saxlaya bilib-bilməyəcəyi məsələsi hələ də aydın deyil. Yanvarın 22-də yeni Suriya hökumətinin Rusiya ilə limanın icarəsinə dair müqaviləyə xitam verdiyi haqda xəbərlər yayıldı.

İki "Sparta" yük gəmisinin Tartusa yan alması da eyni gündə baş verib. Rusiya Müdafiə Nazirliyinə bağlı daşıma şirkəti "Oboronlogistika"ya məxsus bu iki gəmi daha öncə həftələrlə Suriya sahillərində üzürmüş.

17 dekabr 2024-cü il tarixində çəkilmiş bu peyk görüntüsündə Suriyanın Tartus şəhərində sıraya düzülmüş hərbi maşınlar görünür.
17 dekabr 2024-cü il tarixində çəkilmiş bu peyk görüntüsündə Suriyanın Tartus şəhərində sıraya düzülmüş hərbi maşınlar görünür.

"HTŞ niyə bu qədər gözlədi?"

"İvan Qren" və "Aleksandr Otrakovski" adlı digər iki dəniz gəmisi isə dənizdə qalmaqda davam edir. Onların hər ikisi ağır silahları liman kranlarının köməyi olmadan yükləyib daşımağa qadir desant gəmisidir.

"HTŞ onları ölkədən çıxarmaq üçün niyə bu qədər gözlədi? Rusların qala bilməsindən ötrü uyğun variant tapmaq cəhdi vardımı? Müharibə zamanı rusların havadarlıq etdiyi işləri nəzərə alsaq, mənə elə gəlir ki, bunu Suriyada çoxlarına qəbul etdirmək çox çətin olardı", - Plankett belə deyir.

"Rusiyalıların Tartus və Hmeymimdə qalmasına icazə verilməsini Suriya xalqına qəbul etdirmək hər zaman çətin olub… Axı ruslar bu bazalardan Hələb kimi şəhərlərin məhv edilməsi üçün yararlanıblar", - Kauşalın sözləridir.

Rusiya, hələ ki, regiondan bütövlükdə əl çəkmiş kimi görünmür.

Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun baş tədqiqatçısı Nik Çaylds deyir ki, Rusiya donanması Şimal və Baltik donanmalarından, yaxud hətta Sakit okean donanmasından gətirilən gəmilərin köməyi ilə Aralıq dənizindəki varlığını dəstəkləyə bilərdi, ancaq bu son dərəcə çox resurs və vaxt tələb edərdi. "Rusiyanın Sudanda hər hansı hərbi dəniz obyektinə sahib olmaq ümidi də işardığından hərəkətsiz qalıb və ondan istifadə də Tartusla müqayisədə məhdud olardı", - N.Çaylds belə düşünür.

Ancaq regionda hər hansı limana çıxışı olmayan Rusiya yalnız hava daşımalarından asılı qalardı. Bu da ciddi hərbi varlıq üçün zəruri olan ağır avadanlığın daşınmasına imkan verməzdi.

Xəlifə Haftar Liviyanın şərqindəki mühüm rayonlara, o cümlədən Rusiya hərbi donanması üçün liman kimi istifadə oluna biləcək ərazilərə nəzarət edir.
Xəlifə Haftar Liviyanın şərqindəki mühüm rayonlara, o cümlədən Rusiya hərbi donanması üçün liman kimi istifadə oluna biləcək ərazilərə nəzarət edir.

Ciddi sərmayə gərəkəcək

Bu üzdən, tutalım, Liviyanın Tobruk limanı ən uyğun istiqamət ola bilər.

Moskva Liviyanın üsyançı lider Xəlifə Haftarın nəzarətindəki şərq bölgələrində gizli varlığa sahibdir. Artıq buraxılmış "Vaqner" muzdlu döyüşçü qrupu 2019-cu ildə BMT-nin dəstəklədiyi hökumətə qarşı mübarizəsində Haftara yardım göstərib.

Rusiyanın buradakı muzdlu qoşunlarının nə qədər böyük olduğu dəqiq bilinmir. Ancaq bir yüksəkvəzifəli Rusiya hərbçisinin ötən il Qahirədə Haftarla görüşdüyü bilinir.

Ekspertlər deyirlər ki, ruslar Tobruka çıxışı təmin etsələr də, limanın iri hərbi gəmilərə xidmət göstərə bilməsi üçün obyektlər tikmək ciddi sərmayə tələb edəcək.

Bölgədə etibarlı baza, yaxud limanın olmaması Rusiyanın Mali və MAR kimi Afrika ölkələrindəki əməliyyatlarını da çətinləşdirəcək.

"Çıxan nəticə budur ki, Tartusun itirilməsi, böyük ehtimalla, Rusiyanın Şərqi Aralıq dənizindəki daimi varlığının sonu deməkdir. Ən azı, Qara dəniz yenidən əlçatan olanadək", - Kauşal belə deyir.

XS
SM
MD
LG