Xəbərlər
Tramp 'sülh qurucusu' olacağına söz verib
ABŞ-nin 47-ci prezidenti kimi and içən Donald Tramp "sülh qurucusu" olacağına söz verib.
"Uğurumuzu yalnız qazandığımız döyüşlərlə deyil, həm də bitirdiyimiz müharibələrlə və, bəlkə də, ən vacibi – heç başlamadığımız müharibələrlə ölçəcəyik", – o bildirib.
Lakin Tramp sülhün necə əldə ediləcəyi və qorunacağı ilə bağlı heç bir təfərrüat verməyib.
Ukraynanın reaksiyası
Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabından Trampı təbrik edib. Zelenski Trampın "güc vasitəsilə sülh" siyasətini "Amerikanın liderliyini gücləndirmək və uzunmüddətli, ədalətli sülhə nail olmaq üçün bir fürsət" adlandırıb. O, bunun əsas prioritet olduğunu vurğulayıb.
Lakin andiçmə mərasimindəki çıxışında Tramp əvvəlki administrasiyanı xarici sərhədlərin müdafiəsinə məhdudiyyətsiz maliyyə ayırmaqda günahlandıraraq tənqid edib. Ukraynada narahatlıq var ki, Trampın hakimiyyətə gəlməsi hərbi dəstəyi dayandırmaqla ölkənin mövqeyini zəiflədə və onu əlverişsiz şərtlərlə sülhə məcbur edə bilər.
"Hamı bu müharibədən çox yorulub, amma onun bir sehrbaz olub hər şeyi nağıla çevirəcəyini gözləmirəm", –Zaporojye sakini andiçmə mərasimindən bir neçə saat əvvəl AzadlıqRadiosuna bildirib.
Putin: Dialoqa açığam
Rusiya prezidenti Vladimir Putinin açıqlamaları bu narahatlıqları daha da gücləndirib.
Milli Təhlükəsizlik Şurasının iclasında çıxış edən Putin Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni ABŞ administrasiyası ilə dialoqa açıq olduğunu bildirib. O, bütün insanların "legitim" maraqlarına hörmət əsasında davamlı sülh əldə etməyə çağırıb.
Putinin bu sözləri 2022-ci ilin fevralında genişmiqyaslı işğal müharibəsi başladığı ölkədə - Ukraynada inandırıcı səslənmir. Putin hələ də Ukraynanın böyük ərazilərinə, o cümlədən Rusiya qüvvələrinin tutmadığı bölgələrə iddia edir.
Yaxın Şərq
Yaxın Şərqdə İsrailin baş naziri Benyamin Netanyahu Trampın andiçmə mərasimini alqışlayaraq ümidvar olduğunu bildirib ki, ABŞ ilə birlikdə "İranın terror oxu"nu tamamilə məğlub edə biləcək.
Tramp çıxışında deyib ki, o, hələ prezident kimi fəaliyyətə başlamazdan bir gün əvvəl Yaxın Şərqdə əsirlər ailələrinə qayıdırlar. Bununla o, İsrail ilə HƏMAS arasında 15 aylıq müharibəyə ara verilməsi ilə bağlı atəşkəs razılaşmasının ilkin mərhələsini nəzərdə tutur. Bu atəşkəs razılaşmasının nə dərəcədə dayanıqlı olacağı hələ aydın deyil. Eyni şəkildə, yeni administrasiyanın növbəti danışıqlara necə yanaşacağı da müəyyən deyil.
Bu mövzuda Tramp heç bir əlavə detallara toxunmayıb.
İranda həbsdə olan Fərid Səfərli Azərbaycana qaytarılıb
İranda həbsdə saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli azadlığa buraxılıb.
Bu barədə bu gün, yanvarın 20-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici İşlər Nazirliyinin birgə məlumatında bəhs edilir.
Məlumatda vurğulanır ki, 2023-cü ildə İranda saxlanan F.Səfərli beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də həmin ölkədən təhvil alınaraq ölkəyə qaytarılıb: "Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub".
Hələlik, F.Səfərlinin ailəsi bununla bağlı sorğuya cavab verməyib.
Xatırlatma
Yaxınları bildirirdilər ki, Almaniyada təhsil alan Səfərli 2023-cü il fevralın 20-də eyni universitetdə onunla oxuyan qızın dəvəti ilə Tehrana gedib. Onların deməsinə görə, martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb.
Azərbaycan XİN-in açıqlamasına görə, sonradan "casusluq" ittihamı "casusluq etmək niyyəti" ittihamı ilə əvəz olunub. Onun 2 il həbs cəzası aldığı bildirilmişdi.
Milyarderlərin sərvəti heç vaxt olmadığı qədər sürətlə artır
Dünyada bərabərsizlik getdikcə artır və "aristokratik oliqarxiya" gözlənilməz səviyyədə sərvət yığır. Bu barədə qlobal yoxsulluq və bərabərsizliklə mübarizə aparan beynəlxalq qeyri-hökumət təşkilatı - "Oxfam"ın ötən həftə dərc olunmuş illik hesabatında deyilir.
Davosda keçiriləcək Dünya İqtisadi Forumu ərəfəsində açıqlanan hesabatda bildirilir ki, 2024-cü ildə milyarderlərin sərvəti 2 trilyon dollar artıb. Bu da əvvəlki (2023) il ilə müqayisədə onların sərvətinin üç dəfə daha sürətli böyüməsi deməkdir.
Hesabata görə, dünyanın ən zəngin 1 faizi qlobal sərvətin 45 faizinə sahib olduğu halda, bəşəriyyətin 44 faizi gündə 6.85 dollardan az gəlirlə yaşayır. Qlobal yoxsulluq səviyyəsi isə 1990-cı ildən bəri, demək olar ki, dəyişməyib.
"Biz bu hesabatı dünyadakı adi insanların bir neçə zəngin şəxsin nəhəng sərvəti altında əzildiyini göstərən ciddi bir xəbərdarlıq olaraq təqdim edirik", - "Oxfam"ın icraçı direktoru Amitabh Behar deyib.
Hesabatda qeyd olunan digər bir məqam gələcək 10 ildə trilyonerlərin meydana çıxmasının gözlənilməsidir. "Oxfam" bunu onunla əsaslandırır ki, son 10 ildə ən zəngin 10 milyarderin sərvəti gündə ortalama 100 milyon dollar artıb. Keçən il isə 204 yeni milyarder ortaya çıxıb.
"Oxfam"ın icraçı direktoru zənginlərin artıq iqtisadi və sosial siyasətləri formalaşdırmaq iqtidarında olduğunu, nəticədə bunun onlara daha çox mənfəət gətirdiyini vurğulayıb.
'TikTok'la bağlı qarşıdurmanın ABŞ-Çin rəqabətinə təsiri
Çin şirkəti olan "ByteDance"ə məxsus "TikTok" tətbiqi yanvarın 19-da fəaliyyətini dayandırsa da, elə həmin gün təxminən 12 saat sonra yenidən aktivləşib. Onun qısa müddət ərzində "offline" olmasının səbəbi ABŞ-də qüvvəyə minən federal qadağa ilə bağlıdır.
Tətbiq öz istifadəçilərinə "TikTok ABŞ-yə geri qayıtdı!" bildirişi göndərərək bu xəbəri açıqlayıb. "TikTok" fəaliyyətinin bərpasını ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla əlaqələndirib. Belə ki, Tramp andiçmə mərasimindən sonra federal qadağanı təxirə salmağı (90 gün) nəzərdə tutan icraedici fərman imzayalacağını bildirib. Bu fərman "ByteDance"ə "TikTok"u qeyri-çinli bir sahibə satmaq və ya qadağa ilə üzləşmək tələbini nəzərdə tutur.
Bu qərar "TikTok"un taleyi ilə bağlı baş verən sürətli və ardıcıl proseslərin ən son mərhələsini təşkil edir. Həmçinin, bu vəziyyət Çin ilə ABŞ arasında qlobal texnologiya rəqabətinə ciddi təsir göstərə və Trampın Pekinlə münasibətlərinin necə formalaşdıracağı barədə ilkin təəssürat yarada bilər.
Məşhur video platforması "TikTok" Çin-in ilk qlobal tətbiqi olaraq, ABŞ-yə məxsus "Instagram", "Facebook" və X kimi rəqiblərini geridə qoyub.
Tətbiqə Çinin sahibliyi onu ABŞ Konqresinin hədəfinə çevirən əsas səbəb olub. Buna görə ABŞ Konqresi 2024-cü ilin aprelində bilməyərəkdən yanlış informasiyanın yayılması (misinformation) və casusluq kimi milli təhlükəsizlik narahatlıqları ilə bağlı qanun qəbul edib.
"TikTok" "ByteDance"in Çin və Honq-Konq bazarında işləyən "Douyin" tətbiqinin beynəlxalq versiyasıdır. Ancaq "Douyin" tətbiqi Pekinin sərt senzura sisteminə tabedir.
Eyni zamanda, uğurlu bir biznesə çevrilən "TikTok"un populyarlığı və təsiri Pekin üçün qlobal səviyyədə fayda gətirib. "ByteDance" şirkətinin bu tətbiqdən imtina etməməsi həm tətbiqin alqoritminə verilən xüsusi qiyməti, həm də "TikTok"un Çinə məxsusluğunun əhəmiyyətini göstərir.
Trampın "TikTok"a həll yolu tapmaq üçün möhlət vermək qərarı ABŞ-nin daxili siyasətindən də qaynaqlansa da, bu addım onun Çin lideri Si Cinpin ilə münasibətlərinə də təsir göstərə bilər.
Yanvarın 17-də Tramp Si Cinpin ilə danışdığını və "TikTok" da daxil olmaqla, bir sıra mövzuları müzakirə etdiyini açıqlayıb.
"TikTok" izləyiciləri ilə bağlı məlumat toplayır?
"TikTok"un qadağan olunmasına səbəb olan məsələlər isə hələ də qüvvədə qalır.
Kibertəhlükəsizlik şirkətləri bu tətbiqin öz istifadəçiləri ilə bağlı geniş məlumat toplaya biləcəyini irəli sürür. Üstəlik, Çin 2017-ci ildə xaricdə yaşayan Çin vətəndaşlarını kəşfiyyat orqanları ilə əməkdaşlığa məcbur edən qanun qəbul edib.
Bu halların ictimai nümunələri azdır, lakin 2023-cü ildə bir britaniyalı jurnalistin məlumatları və onun yerinin "TikTok"un Çin və ABŞ-dəkı əməkdaşları tərəfindən izlənildiyi ortaya çıxıb. "ByteDance"in keçmiş əməkdaşının ABŞ məhkəməsinə təqdim etdiyi sənədlər isə 2018-ci ildə Çin Kommunist Partiyasının Honq-Konqda demokratiya tərəfdarları ilə bağlı informasiya toplamaq üçün şirkətin məlumatlarına daxil olduğunu göstərib.
Trampın bu qərarı onun Çinlə münasibətləri necə tənzimləyəcyinə dair ilkin işarə rolunu oynayır.
Trampın 2017–2021-ci illəri əhatə edən ilk prezidentlik dövrü Pekin və Vaşinqton arasında dərinləşən texnologiya yarışı fonunda Çinə qarşı sərt siyasəti və Çin şirkətlərini ölkə daxilində və xaricdə hədəfə alması ilə yadda qalıb.
Bu rəqabət hələ də davam etsə də, ən azından ikinci prezidentlik dönəminin ilk günlərində Tramp fərqli bir yanaşma sərgiləməyə çalışır.
"The Wall Street Journal" yanvarın 18-də yaydığı xəbərdə bildirib ki, D.Tramp vəzifəyə başladıqdan sonra ilk 100 gün ərzində S.Cinpin ilə görüşmək üçün Çinə səfər etməyi planlaşdırır. Nəşrin yazdığına görə, ABŞ-nin yeni seçilmiş prezidenti müxtəlif məsələlər ətrafında çinli həmkarı ilə danışıqlara açıq olduğunu bildirib.
Müsavat: Əlikram Xurşidova 10 sutka verilib
Yanvarın 19-da Müsavat Partiyasının fəalı Əlikram Xurşidovun Şirvan şəhər Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbsə məhkum edildiyi bildirilir.
Bu barədə Müsavat Partiyasının açıqlamasında bildirilir.
Amma partiyadan onun İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə təqsirləndirildiyini dəqiqləşdirə bilmədiklərini açıqlayıblar.
Müsavat Partiyasının bu məlumatını, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
19 yanvar
Şirvan şəhərində Müsavat fəalının saxlandığı deyilir
Müsavat Partiyasının fəalı Əlikram Xurşidovun yanvarın 19-da gecə saatlarında Şirvan şəhərində yaşadığı evdə saxlandığı bildirilir. Bu barədə Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı məlumat verib. Onun deməsinə görə, Xurşidovun körpə uşaqlarının da olduğu evə 15-20 maskalı hücum edilib.
Məclis sədrinin sözlərinə görə, gecə saat 3 radələrində olan bu olaydan əvvəl onların yaşadığı ərazidə işıqlar söndürülüb.
Partiyadan bildirildiyinə görə, daha sonra Ə.Xurşidovun Şirvan şəhər Polis Şöbəsinə aparıldığı və orada işgəncəyə məruz qaldığı barədə məlumatlar yayılıb.
"Əvvəllər də şərlənərək həbs edilən Əlikram Xurşidov sosial mediada tənqidi yazıları ilə tanınan Müsavat fəalıdır. Onun, məhz bu səbəbdən saxlanması şübhəsizdir. Əlikram Xurşıdovun saxlanması ölkədə davam edən repressiya siyasətinin davamıdır", - A.Hacılı deyib.
Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan bu deyilənlərə münasibət almaq mümkün olmayıb.
Onun əvvəlki həbsi
Müsavat Partiyası Məclisinin üzvü, partiya başqanının müşaviri olan Ə.Xurşidov 2017-ci il noyabrın 22-dən həbs həyatı yaşayıb, siyasi məhbus sayılıb, 2019-cu il martın 17-də əfv sərəncamı ilə azad edilib. O, 5 il həbs cəzası almışdı. Xuliqanlıqda ittiham edilən müxalifətçi ittihamı qəbul etməyib.
Xatırlatma
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
20 Yanvardan 35 il keçir
Bu gün, yanvarın 20-də Azərbaycanda 20 Yanvar faciəsində həlak olan insanların anım mərasimləri keçirilir.
35 il öncə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələri Bakıda qırğın törədib. Bu hadisələr nəticəsində 140-a yaxın şəxsin həlak olduğu, 700-dən çoxunun yaralandığı, mindən çox insanın isə həbs edildiyi bildirilir.
O vaxtdan hər il yanvarın 20-si Azərbaycanda faciə qurbanlarının anım mərasimləri keçirilir. Həmin hadisələrdə həlak olanlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizlər kimi dəyərləndirilir.
Bayramov USAID-in Azərbaycanda fəaliyyətinin dayandırıldığını bildirib
"ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da mətbuat konfransında bildirib.
C.Bayramov deyib ki, USAID-in Azərbaycanda yardımları ABŞ-nin mənafeyi üçün edilirdi: "Buna görə də biz ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını tələb etdik".
USAID Azərbaycan xalqını dəstəkləməyə sadiq olduğunu bildirir
USAID nazir C.Bayramovun qurumun Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı fikrinə münasibət bildirib.
AzadlıqRadiosunun sorğusuna cavab olaraq USAID-in mərkəzi ofisinin mətbuat xidmətindən bildirilib ki, agentlik Azərbaycan xalqına dəstək verməyə sadiq qalır.
"Üç onillikdən çoxdur ki, USAID Azərbaycan xalqı ilə birgə iqtisadi imkanların təşviqi, yerli səhiyyə sistemlərinin gücləndirilməsi və vətəndaşların ictimai həyata daha fəal cəlbi yönündə çalışıb. Biz Azərbaycan xalqına dəstək verməyə, regional sülhün təmin olunması və iqtisadi inteqrasiya istiqamətində işləməyə sadiqik", - USAID-in cavabında bildirilib.
Daha öncəki iddialar
XİN-dən bundan əvvəl də USAID-in layihələri ilə bağlı tənqidlər səslənmiş, bu layihələrin şəffaf olmadığını, Azərbaycanın maraqlarına cavab vermədiyini iddia etmişdi. Bu tənqidlər, əsasən, 2023-cü ilin sonunda, rəsmi Bakının Qarabağda birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa etməsindən sonra başlayıb. Onda USAID-in rəhbəri Samanta Pauer demişdi ki, həmin əməliyyat nəticəsində "yüz mindən çox insan evlərini tərk etməyə, qonşu Ermənistana köçməyə məcbur olub".
2023-cü ilin noyabrında ABŞ Dövlət Departamenti Azərbaycan XİN-in USAID ilə bağlı ittihamlarına cavab vermişdi: "USAID-in yardım layihələri ilə bağlı bu cür ittihamlar yalandır və bizim yardımın məqsədini kökündən yanlış xarakterizə edir. Hər zaman olduğu kimi, bizim köməyimiz şəffafdır. Bütün USAID proqramları azad və dinc cəmiyyətlərə yönəlmiş demokratik dəyərləri təbliğ edir".
Son illər ABŞ və Azərbaycan arasında bir növ "soyuq küləklər əsib". Okeanın o tayından Azərbaycanda ictimai fəalların, jurnalistlərin həbsindən narahatlıq ifadə edilib, rəsmi Bakı isə bunu onların daxili işinə qarışmaq kimi dəyərləndirib.
Azərbaycan prezidenti İlham Əliyev isə son müsahibələrində ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla bağlı ümidlə danışıb, ABŞ ilə münasibətlərin strateji səviyyəyə çatdırıla biləcəyini deyib.
Rusiya və İran Qərbin sanksiyaları fonunda yeni saziş imzalayıb
Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı Məsud Pezeşkian iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalayıblar.
Son vaxtlar iki ölkə onlara qarşı sərt beynəlxalq sanksiyalar fonunda əməkdaşlığı dərinləşdirib. Tehrana qarşı məhdudiyyətlər onun nüvə və raket proqramlarına görə qüvvədədir; Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəyə və 2014-cü ildə Krımın ilhaqına görə ABŞ, Böyük Britaniya, Avropa Birliyi və bir sıra digər ölkələrin sanksiyaları altındadır.
V.Putin cümə günü Moskvada imzalanan sazişi "sıçrayış" adlandırıb. O, münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətini açıqlayıb. "Sənəd Rusiya, İran və bütün Avrasiya regionumuzun sabit və dayanıqlı inkişafı üçün lazımi şəraitin yaradılmasına yönəlib", - Putin bildirib.
Pezeşkian, öz növbəsində, Rusiya ilə bu razılaşmanın ikitərəfli münasibətlərdə, xüsusən də ticarətdə "yeni səhifə" açdığını söyləyib.
Rusiya və İran rəsmiləri deyirlər ki, hərtərəfli tərəfdaşlıq sazişi elm, təhsil və mədəniyyətdən tutmuş, ticarət və hərbi əməkdaşlığa qədər bütün sahələri əhatə edir. Müqavilənin üçüncü maddəsində göstərilir ki, "tərəflərdən biri təcavüzə məruz qalsa, digəri təcavüzkara heç bir yardım göstərməməlidir".
İran prezidentinin Rusiyaya səfəri Donald Trampın ABŞ prezidenti kimi andiçmə mərasimindən üç gün əvvəl baş tutub. O, Ukraynada sülhün tezliklə bərqərar olmasına yardım etmək niyyətini bildirib. Tramp habelə artan iqtisadi problemlərlə və digər çağırışlarla, o cümlədən hərbi uğursuzluqlar, bunun Yaxın Şərqdə nəticələri ilə mübarizə aparan Tehrana qarşı daha sərt mövqe tutacağına söz verib.
Kremlin sözçüsü Dmitri Peskov bundan əvvəl Pezeşkianın Rusiyaya səfəri ilə Trampın andiçmə mərasimi arasında hər hansı əlaqə olduğunu təkzib etmişdi.
Cümə günü Moskvada Rusiya ilə ikitərəfli saziş imzaladıqdan sonra Pezeşkian bunun Yaxın Şərqdəki münaqişənin həllinə töhfə verəcəyini qeyd edib. "İnanıram ki, imzaladığımız bu saziş xüsusilə regionumuzda sabitliyin bərqərar olmasına kömək edəcək. Biz dialoq aparmağa və bütün maneələri aradan qaldırmağa qadirik", - TASS Pezeşkiandan sitat gətirir.
Rusiya və İran bundan əvvəl prezident Bəşər Əsədin başçılıq etdiyi Suriya hökumətini dəstəkləmək üçün güclərini birləşdirmişdilər. Lakin ötən ilin dekabrında Əsəd əleyhdarlarının ildırımsürətli hücumu zamanı onun rejiminin süqutunun qarşısını ala bilmədilər. O, ailəsi ilə birlikdə Rusiyaya qaçdı.
Putin İran prezidentini qəbul edərkən deyib ki, "Suriyanın gələcəyini inklüziv dialoq yolu ilə suriyalıların özləri müəyyənləşdirməlidir".
Əsəd rejimi uzun illər Moskva və Tehranın hərbi və siyasi dəstəyinə arxalanıb. İndi ekspertlər qeyd edirlər ki, Moskva və Tehran Dəməşqdə iflasa görə açıq şəkildə bir-birini günahlandırmağa başlayıb və Suriyadakı hadisələr son vaxtlar iki ölkə arasında yaranan fikir ayrılıqlarını daha qabarıq göstərib.
'ToplumTV işi'ndə Fərid İsmayılov da həbs edildi
"ToplumTV işi" üzrə daha bir jurnalist həbs olunub. Ötən ilin martında saxlanılıb daha sonra barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilən Fərid İsmayılov bu gün, yanvarın 17-də Xətai rayon Məhkəməsinin qərarı ilə həbs olunub.
Vəkil Zibeydə Sadiqova bildirib ki, onun barəsində 2 ay 20 gün müddətində həbs-qətimkan tədbiri seçilib: "Bəhanə kimi qeyd etdilər ki, Fərid müxtəlif rayonlara gedirdi, amma bu barədə polisə məlumat vermirdi, ittihamlar ağırdır və qətimkan tədbiri dəyişməlidir. Halbuki, Fərid həftədə üç dəfə polisə gedib qol çəkirdi".
Z.Sadıqova qeyd edib ki, F.İsmayılov özünü təqsirli bilməyib: "O, jurnalistika fəaliyyətinə görə həbs olunduğunu bildirib. Eyni zamanda, Fərid səhhətində problemlərin olduğunu, əməliyyat keçirdiyini da deyib, amma təəssüf ki, bu, nəzərə alınmadı".
İttihamlar ağırlaşdırıldı
"Toplum" İnternet Televiziyasının işi üzrə ittiham olunan şəxslərin ittihamının ağırlaşdığı bildirilir.
Bu barədə müdafiə tərəfi məlumat verib.
Verilən məlumata görə, onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (Vergiləri,... ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Əvvəlki ittihamlarla şəxsə 8 ilədək həbs verilə bilərdisə, indi cəza müddəti 12 ilə çata bilər.
Müdafiə tərəfi vurğulayıb ki, sözügedən ittihamlarla razılaşmırlar və bu ittihamlar üçün prosessual əsas yoxdur.
Həbs olunan şəxslər özlərini təqsirli bilmirlər və həbsini fəaliyyətləri ilə əlaqələndirirlər.
Hələlik, bu məlumata istintaqı aparan Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Bundan əvvəl "ToplumTV işi" üzrə həbs olunanlar 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi.
Bu iş üzrə bu vaxta qədər həbs edilənlər III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, habelə ToplumTV-nin təsisçi Ələsgər Məmmədli və redaktoru Müşfiq Cabbardır.
Xatırlatma
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Aleksey Navalnının keçmiş vəkilləri həbs olunub
Rusiyanın Vladimir vilayətinin məhkəməsi yanvarın 17-də mərhum müxalifət lideri Aleksey Navalnının keçmiş vəkilləri - Vadim Kobzev, Aleksey Liptser və İqor Serquninin həbsi barədə hökm elan edib.
Vəkillər Kremlin sərt tənqidçisi, müxalifət lideri Navalnının həbsxanadan çıxardılan yazışmalarını daşıdıqları üçün azadlıqdan məhrum ediliblər.
Navalnının yazıları sosial şəbəkələrdə diqqətə yetirilib və onun 36 ölkədə 26 dildə nəşr olunan "Patriot" adlı xatirələri üçün əsas olub. Məhkəmənin fikrincə, vəkillər yazışmaların ötürülməsinə kömək etməklə ekstremist təşkilata qatılıblar. Məhkəmə müəyyən edib ki, məktublar Navalnıya "ekstremist icmanın lideri və direktoru" funksiyalarını yerinə yetirməsini davam etdirməyə imkan verib.
Rusiya hakimiyyəti 2021-ci ildə Navalnının regional qərargahlar şəbəkəsini "ekstremist təşkilat" sayaraq onun Rusiyada fəaliyyətini yasaqlamışdı.
Məhkəmənin hökmünə görə, Kobzevə 5 il 6 ay, Liptserə 5 il, təqsirini boynuna alan Serquninə isə 3 il 6 ay həbs cəzası verilib. Hər üç vəkil 2023-cü ilin oktyabrından bəri istintaq təcridxanasında saxlanılır.
Eyni ittihamlar üzrə Navalnının digər iki vəkilinə - Olqa Mixaylova və Aleksandr Fedulova qarşı həbs orderləri çıxarılsa da, onlar saxlanılmazdan öncə ölkədən çıxa biliblər.
Böyük cinayətlərdə suçlanan şəxsləri müdafiə edən "Pervıy Otdel" (Birinci Bölmə) hüquq birliyi "Telegram" kanalında vəkillərin həbsi ilə bağlı hökmü "qanunsuz siyasi təqib" adlandırıb. "Müdafiə əməkdaşlıq deyil! Vəkillər müştərilərinin tərəfdaşları və ya şərikləri deyil, onlar Konstitusiya ilə təsbit edilmiş müdafiə hüququnu təmin edirlər... Bu, hüququn əsas prinsiplərinin qaba şəkildə pozulmasıdır", - təşkilatın vurğulamasıdır.
Ötən ilin fevralında Putinin ən tanınmış tənqidçisi A.Navalnı Sibir həbsxanalarının birində şübhəli ortamda vəfat edib.
Paşinyan Putinə zəng edib
Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Ermənistan Baş naziri Ofisinin yaydığı məlumata görə, tərəflər Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrliyinin nəticələri, İttifaq çərçivəsində qarşıdan gələn tədbirlər, həmçinin Ermənistan-Rusiya ikitərəfli münasibətləri ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Kremlin saytında isə bildirilib ki, telefon danışığı Ermənistan hökumət başçısının təşəbbüsü əsasında baş tutub.
"Nikol Paşinyan Ermənistanın Avropa İttifaqı ilə münasibətləri kontekstində atdığı son addımlarla bağlı vəziyyəti izah edib. Rusiya lideri isə bu məsələ ətrafında müvafiq şərhlərini və qiymətləndirmələrini qarşı tərəfə təqdim edib", - Kremlin saytında bildirilir.
Ermənistan 2024-cü ildə Avrasiya İqtisadi İttifaqına sədrlik edib. Yanvarda sədrlik Yerevandan Minskə keçib.
Hökumət ötən həftə Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanmasına dair qanun layihəsini təsdiqləyib. N.Paşinyan bəyan edib ki, qanun layihəsinin qəbulu Aİ-yə üzvlük demək deyil. "Bu məsələ ilə bağlı referendumun keçirilməsi zəruridir", - o bildirib.
Rəsmi Moskva isə Yerevanın bu qərarına cavab olaraq xatırladıb ki, Avrasiya İqtisadi İttifaqına üzvlük Ermənistanın Avropa İttifaqına daxil olmaq istəyi ilə bir araya sığmır.
"İki struktur fərqli prinsiplər üzərində işləyir, onlar fərqli azad ticarət zonalarıdır", - Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
İmran Xan 14 il həbsə məhkum edilib
Pakistanda məhkəmə korrupsiya işi üzrə keçmiş baş nazir İmran Xan və onun xanımı Buşra Bibi barədə hökm çıxarıb.
Pakistanın eks-baş naziri korrupsiya ittihamını rədd edir.
Məhkəmənin qərarı ilə İ.Xan 14 il, B.Bibi isə 7 il azadlıqdan məhrum edilib.
Hər ikisi İ.Xan hakimiyyətdə olarkən çirkli pulların yuyulması müqabilində biznes-maqnatı Malik Riazdan torpaq hədiyyə almaqda təqsirli biliniblər. İttiham tərəfi bu korrupsiya işi üzrə ümumi məbləğin 190 milyon Britaniya funt sterlinqi (240 milyon ABŞ dolları) olduğunu iddia edir.
72 yaşlı keçmiş kriket ulduzu və siyasətçi İ.Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub. O, bir ildən çoxdur ki, həbsdədir. 150-dən çox cinayət ittihamı ilə üzləşsə də, İ.Xan Pakistan xalqı arasında böyük populyarlığa malikdir.
O və Təhrik-e-İnsaf (PTI) partiyası bu cinayət işlərinin siyasi motivli olduğunu bəyan ediblər.
AXCP: İki üzvümüz həbs edilib, birindən xəbər yoxdur
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bildirir ki, yanvarın 15-də saxlanan iki üzvü inzibati qaydada həbs olunub.
Partiyadan AzadlıqRadiosuna verilən məlumata görə, Lənkəran şöbəsinin üzvü Ramil Eynəliyev və Xəzər şöbəsinin fəalı Əlisahib Kərimov 30 sutka müddətinə inzibati qaydada həbs olunublar: "Onların rəsmən nədə ittiham olunduqları, hələlik, bəlli deyil".
AXCP-dən habelə qeyd ediblər ki, həbslərin əsl səbəbi fəalların siyasi fəaliyyəti və sosial şəbəkələrdə yazdıqları tənqidlərdir: "Yanvarın 15-də saxlanan Ordubad şöbəsinin üzvü Əsgər Ağasoy barəsində isə dəqiqləşdirmə apara bilməmişik".
Bu məlumatlara Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin bir çox üzvləri vaxtaşırı əsasən polisin qanuni tələbinə əməl etməmək, xuliqanlıq ittihamları ilə inzibati qaydada həbs edilirlər. AXCP-nin hazırda 12 üzvü isə uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Ancaq beynəlxalq insan haqları qrupları da hökuməti haqsız tutulanları azad etməyə çağırır.
Belarus hakimiyyəti AzadlıqRadiosunun həbsdə olan jurnalisti haqqında film göstərib
Belarusun ONT dövlət televiziya kanalı AzadlıqRadiosunun ölkə həbsxanalarında saxlanılan jurnalistləri haqqında propaqanda filminin ikinci hissəsini yayımlayıb.
Bu dəfə AzadlıqRadiosunun Belarus xidmətinin həbsdə olan digər jurnalisti İqar Losik hədəf olub. Artıq iki ilə yaxın idi ki 32 yaşlı Losikdən heç bir xəbər yox idi.
Özünü təqsirsiz hesab edən AzadlıqRadiosu əməkdaşı 2020-ci ilin iyununda saxlanılıb və 2021-ci ilin dekabrında "kütləvi iğtişaşlar təşkil etmək, kütləvi iğtişaşlarda iştirak, sosial ədavəti qızışdırmaq" və məlum olmayan bir sıra digər ittihamlar üzrə məhkum edilib. Onun məhkəməsi 2020-ci il iyunun 25-də qapalı baş tutub.
AzadlıqRadiosu, insan hüquqları təşkilatları və xarici hökumətlər Losikə qarşı irəli sürülmüş bütün ittihamları siyasi motivli adlandırıblar.
Jurnalistin ailəsi onun son məktubunu 2023-cü ilin fevralında alıb. Həmin vaxtdan keçən bu müddət ərzində İ.Losikdən xəbərin olmaması onun vəziyyəti ilə bağlı narahatlıq doğurub.
Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) Minskdəki istintaq təcridxanasında qeydə alınan kadrlarda Losik çox arıq və zəif görünür.
25 dəqiqəlik filmdə Losik müsahibə verib, lakin AzadlıqRadiosu həbsdə olan şəxslərdən naməlum şəraitdə alınan ifadələrə istinad etmir.
İnsan haqları qruplarının məlumatına görə, Losik saxlandığı vaxtdan bəri iki dəfə uzunmüddətli aclıq aksiyası keçirib və etiraz əlaməti olaraq iki dəfə əllərini və boynunu kəsərək özünə xəsarət yetirib.
Losikin həyat yoldaşı Darya "Belsat" agentliyinə 2023-cü ilin yanvarında verdiyi müsahibəyə görə 2 il müddətinə azadlıqdan məhrum edilib. Belarus Polşada yerləşən bu xəbər agentliyini "ekstremist qrup" elan edib. Daryaya bu müsahibəyə görə "ekstremist fəaliyyətə yardım etmək" ittihamı irəli sürülüb. O, 2024-cü ilin iyulunda kütləvi amnistiya çərçivəsində azad edilib.
İ.Losik AzadlıqRadiosunun Belarus xidmətinin həbsdə olan üç jurnalistindən biridir. Digər iki jurnalist - Andrey Kuzneçik və Vladislav Yesipenko da jurnalist fəaliyyətlərinə görə həbsdədirlər.
Bayden Amerikada 'oliqarxiya' təhlükəsindən bəhs edir
Yanvarın 15-də xalqa vida müraciətində ABŞ prezidenti Co Bayden Amerikada çox zəngin bir azlığın güc və nüfuzunun artdığını və bunun demokratiya üçün təhlükə yaratdığını bildirib. Prezident bu vəziyyəti "təhlükəli oliqarxiya" kimi xarakterizə edib.
"Azsaylı zəngin insanların əlində gücün təhlükəli dərəcədə cəmləşməsindən narahatam", - Bayden Ağ evdən etdiyi çıxışında deyib. Onun sözlərinə görə, sərvətin bir qrup şəxsin əlində cəmləşməsi təkcə demokratiyaya deyil, həm də əsas hüquq və azadlıqlara, eləcə də hər kəsin qabağa getməsi üçün "ədalətli şans" haqqına təhlükədir.
Prezidentlik müddəti başa çatan C.Bayden yanvarın 20-də postunu tərk edəcək. Dünyanın ən varlı adamı – "Tesla" və "SpaceX"in baş icraçı direktoru İlon Mask və digər ultrazəngin şəxslərin dəstəklədiyi milyarder Donald Tramp həmin gün and içərək 47-ci ABŞ prezidenti kimi vəzifələrinin icrasına başlayacaq.
Trampın sərt sağçı siyasətinə dəstək verən İ.Mask keçən il Trampın prezidentlik kampaniyasına on milyonlarla dollar sərf edib. Maskla yanaşı, ABŞ-nin daha iki tanınmış milyarderinin – "Amazon"un qurucusu Ceff Bezos və "Facebook"un həmtəsisçisi, "Meta"nın baş direktoru Mark Zukerberqin də Trampın andiçmə mərasimində iştirak edəcəyi gözlənilir.
Bayden: Azad mətbuat zəifləyir, amerikalılar dezinformasiya axını altında əzilir
Bayden xalqa müraciətində vəzifədə olduğu ilk iki il ərzində əldə olunan nailiyyətləri qeyd edib. O, ölkəni koronavirus pandemiyasından çıxarmaq, daxili istehsalı dəstəkləmək və reseptlə verilən dərmanların qiymətlərinin məhdudlaşdırması kimi fəaliyyətləri vurğulayıb. Lakin prezident Bayden qeyd edib ki, ABŞ dəyərləri "davamlı olaraq sınaqdan keçirilir". O, "texnoloji sənaye kompleksi"nin yüksəlişi, süni intellektin gələcəyi ilə bağlı potensial təhlükələr barədə xəbərdarlıq edib: "Amerikalılar hakimiyyətdən sui-istifadəyə şərait yaradan dezinformasiya və yanlış məlumatların axını altında əzilir. Azad mətbuat zəifləyir. Redaktorlar yoxa çıxır. Sosial media fakt yoxlanışından imtina edir. Həqiqət həm hakimiyyət uğrunda, həm də mənfəət naminə yalanlarla boğulur".
ABŞ prezidentinin sözlərinə görə, bu meyllərin qarşısını almaq üçün sosial media platformaları Amerika uşaqlarını, ailələrini və demokratiyanı hakimiyyətdən sui-istifadədən qorumaq üçün məsuliyyət daşımalıdır.
Bayden çıxışında süni intellektin (AI) fürsətlərinə və risklərinə toxunub. O deyib ki, süni intellekt problemlərin həllinə və hətta xərçəngin müalicəsini tapmağa kömək edə biləcək "zəmanəmizin, bəlkə də, bütün zamanların ən əhəmiyyətli texnologiyasıdır". Lakin əlavə edib ki, süni intellekt "hüquqlarımıza, həyat tərzimizə, məxfiliyimizə, necə işlədiyimizə və ölkəmizi necə qoruduğumuza yeni təhlükələr yarada bilər".
"O, təhlükəsiz, etibarlı və bütün bəşəriyyət üçün faydalı olmalıdır", -deyən Baydenin vurğulamasına görə, "Çin deyil, azadlıq ölkəsi Amerikanın süni intellektin inkişafında dünya lideri olması indi həmişəkindən daha vacibdir".
Lənkəranda balıqçılar itkin düşüb
Lənkəran rayonunun Siyavar kəndinin iki sakininin itkin düşdüyü bildirilir. Kənd sakinlərinin AzadlıqRadiosuna deməsinə görə, onlar yanvarın 13-də səhər saat 8-də balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxıblar, bir daha geri qayıtmayıblar.
Yerli saytlarda rəsmi qurumlara istinadla yayılan məlumatlara görə, sahil mühafizə hissəsinin əməkdaşları balıqçıların axtarışını davam etdirirlər. Dünən, yanvarın 15-dən axtarışlara helikopter də cəlb olunduğu bildirilir.
"Hava dumanlı olub"
Lənkəranın Siyavar kəndi dəniz kənarında yerləşir. Kənd sakinlərinin əsas məşğuliyyətlərdən biri də balıqçılıqdır. Dənizə yaxın olan ailələrin çoxunun çörəyinin balıqçılıqdan çıxdığı deyilir.
Kənd sakinlərin vurğulamasına görə, itkin düşən balıqçıların dənizə çıxdığı gün hava mülayim olsa da, dumanlı olub.
Adının çəkilməsini istəməyən bir kənd sakininin sözlərinə görə, əvvəllər də oxşar hadisələr baş verib: "Sovet dövründə balıqçıların itkin düşməsi hadisəsi tez-tez baş verərdi. Adətən fırtına balıqçıları İran ərazisinə aparardı. Bu dəfə fırtına olmayıb. Dəniz bir aya yaxındır ki, "laldır". İndi dənizdən, əsasən, kütüm balığı çıxır. Yerli sakinlər də, əsasən, kütüm yeyirlər. Yaxında balıq az çıxır...".
Artıq bir neçə gündür bu olayla bağlı kənd sakinlərinin gecə-gündüz dəniz kənarında keşik çəkdikləri deyilir.
Yerevan Rusiyanın daha bir televiziya proqramını qadağan etməklə hədələyir
Ermənistan hökuməti Rusiya dövlət televiziyasının daha bir proqramının ölkədə yayımını dayandırmaqla hədələyib.
AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan jurnalistlərə deyib. "Kiselyovun proqramının yayımı da ölkəmizdə dayandırıla bilər", - nazir Ayrapetyan bildirib.
Nazirlik artıq Televiziya və Radio üzrə Milli Komissiyaya bu məsələni araşdırmağı və belə bir qadağanın tövsiyə olunmasını nəzərdən keçirməyi xahiş edib.
Yanvarın 15-də Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata "Rossiya-1" kanalının həftəlik xəbər proqramında yayımlanan reportajla bağlı etiraz notası təqdim olunub.
Nazirlik bəyanatında həmin reportajın "Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı süni şəkildə yaradılmış narrativlər" ehtiva etdiyini bildirib. Lakin Ermənistan XİN-in məlumatında bu narrativlərin nədən ibarət olması barədə ətraflı məlumat verilməyib.
Sözügedən proqramın aparıcısı Kremlə yaxın media rəhbərlərindən olan Dmitri Kiselyov məsələ ilə bağlı şərh verməkdən imtina edib. "Erməni qardaşlarımızı hansı konkret açıqlamanın narahat etdiyini anlamıram", - jurnalist news.ru-ya bildirib.
Həmin reportajda Ermənistanın Azərbaycanla münaqişəsi, Paşinyan hökumətinin Ermənistan-Azərbaycan nəqliyyat əlaqələri ilə bağlı mövqeyi və Avropa İttifaqına üzvlük üçün müraciət qərarı müzakirə olunub.
Ötən il başqa bir proqram bloklanıb
Rəsmi Yerevan keçən ilin martında "Rossiya-1" kanalında yayımlanan gündəlik siyasi tok-şounun retranslyasiyasını qadağan etmişdi. Bu qərar proqramın aparıcısı Vladimir Solovyovun Paşinyanı təkrarən tənqid etməsi ilə bağlı idi. Hakimiyyət orqanları Solovyovu və onun bəzi qonaqlarını dövlətə məxsus "Rossiya-1", "Birinci" və "Kultura" telekanallarının Cənubi Qafqaz ölkəsində yayımını davam etdirməsinə imkan verən 2020-ci il Rusiya-Ermənistan razılaşmasını pozmaqda günahlandırıb.
2023-cü ilin oktyabrında isə "Birinci Kanal"da yayımlanan proqramda baş nazir Nikol Paşinyanın təhqir edilməsindən sonra Rusiyanın Yerevandakı səfiri S.Kopırkin Ermənistan XİN-ə çağırılmışdı. Növbəti gün isə cavab olaraq Ermənistanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə dəvət olunmuşdu. Nazirlik rəsmiləri Ermənistan hökumətinin nəzarətində olan KİV-lərin yaydığı "anti-Rusiya" təbliğatından təəssüfləndiklərini bildiriblər.
Ermənistan İctimai Televiziyası Moskvaya qarşı kəskin tənqidlər səsləndirən siyasətçiləri və ekspertləri tez-tez siyasi tok-şoularına dəvət edir və onlarla müsahibələr aparır. Paşinyan tərəfdarlarının nəzarətində olan bu televiziya kanalında həmin şəxslərin praym-taymda yayımlanan proqramlarda iştirakı Rusiya-Ermənistan münasibətlərinin son illərdə daha da gərginləşməsi fonunda adi hala çevrilib.
İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub
İsrail və HƏMAS qruplaşması (ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu qruplaşma kimi tanınır) arasında atəşkəs razılaşması əldə olunub.
Bir neçə mərhələdə həyata keçiriləcək razılaşma İsrail girovlarının təxminən min fələstinli məhbusla dəyişdirilməsini və Qəzza Zolağına təcili humanitar yardımın çatdırılmasını nəzərdə tutur.
Qətər və Misirin vasitəçiliyi ilə əldə olunan razılaşma sənədinin yanvarın 19-dan qüvvəyə minəcəyi bildirilib. Bu məlumatı Qətərin baş naziri Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani açıqlayıb. Razılaşma üç mərhələdən ibarətdir və son mərhələ Qəzza bölgəsinin yenidən qurulmasına yönələcək.
Razılaşmanın müddəaları, hələlik, dərc olunmasa da, prosesdə iştirak edən siyasətçilərin şərhlərindən çıxan nəticə odur ki, birinci mərhələdə altı həftəlik atəşkəs başlayacaq. Bu müddət ərzində İsrail qoşunları Qəzzanın mərkəzindən tədricən geri çəkiləcək.
Bu mərhələdə həmçinin HƏMAS İsrail həbsxanalarında saxlanılan fələstinlilərin buraxılması qarşılığında əksəriyyəti qadınlar, qocalar və xəstələrdən ibarət 33 israilli girovu azad edəcək.
Bəzi girovlar 2023-cü ilin noyabrında 240 fələstinli məhbusun qarşılığında azad edilib. HƏMAS hələ də 94 nəfəri girov saxlayır. İsrail tərəfi bu girovlardan yalnız 60 nəfərin sağ qaldığını güman edir.
Atəşkəs razılaşmasının birinci mərhələsində münaqişə nəticəsində evlərindən çıxmaq məcburiyyətində qalan fələstinlilər öz evlərinə qayıtmaq imkanı əldə edəcəklər. Bu mərhələdə həmçinin HƏMAS tərəfindən idarə olunan anklava humanitar yardımın daxil olması da nəzərdə tutulub. İsrailin Qəzza Zolağında apardığı hərbi əməliyyatlar nəticəsində Qəzza sakinlərinin, demək olar ki, hamısı evlərini tərk etməyə məcbur qalıb. Bölgədə ciddi humanitar böhran yaranıb.
Razılaşmanın ikinci və üçüncü mərhələsi ilə bağlı danışıqlar atəşkəs qüvvəyə mindikdən 16 gün sonra başlayacaq. Analitiklər bildirir ki, bu mərhələlər atəşkəsin davamlılığı üçün ilk ciddi sınaq ola bilər.
Razılaşmanın ikinci mərhələsi qalan girovların azad olunmasını və müharibənin sona çatdırılmasını əhatə edir ki, bu da olduqca mühüm bir addımdır.
Xatırlatma
Müharibə 2023-cü il oktyabrın 7-də HƏMAS silahlılarının İsrailin cənubundakı yaşayış məntəqələrinə hücumu ilə başlayıb. Təxminən 1200 nəfər, əsasən, dinc sakinlər öldürülüb, 251 nəfər girov götürülərək Qəzzaya aparılıb. İsrail buna cavab olaraq Fələstin anklavında dağıdıcı müharibəyə başlayıb. HƏMAS-ın nəzarətindəki Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, bu müharibə 46 mindən çox insanın ölümünə səbəb olub. İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza kütləvi dağıntılarla üzləşib və 2.3 milyon sakininin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Ukrayna və Rusiya əsirləri dəyişib
Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi baş tutub.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin "Telegram" hesabında paylaşım edilib.
"İnsanlarımızı evə qaytarmaq Ukraynanın üzərində daima işlədiyi bir məsələdir. Və biz bütün insanlarımızı geri qaytarmayınca dayanmayacağıq. Bu gün daha 25 nəfər vətəndaşımız Ukraynaya geri qaytarılır. Onların arasında Mariupol və Azovstal müdafiəçiləri, eləcə də Xarkov, Donetsk, Zaporojiye və Xerson bölgələrimizdən olan hərbçilər və mülki şəxslər var", - paylaşımda qeyd olunub.
Bildirilib ki, əsirlikdən qayıdan bu şəxslər ciddi yaralar və xəstəliklərdən əziyyət çəkir. Prezident vurğulayıb ki, onların hər biri zəruri tibbi yardımla təmin ediləcək.
Ukrayna dövlət başçısı paylaşımında bu mübadilənin baş tutmasında vasitəçi olan Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edib.
"Ukrinform"un məlumatına görə, 2024-cü ildə Rusiyanın əsirliyindən 1358 ukraynalı hərbçi və mülki vətəndaş geri qaytarılıb.
Rusiya Müdafiə Nazirliyi də 25 rusiyalı hərbçinin geri qaytarılması ilə bağlı məlumat yayıb.
Moskvanın Ukraynaya qarşı 2022-ci il fevralın sonunda başlatdığı təcavüzkar müharibə 3 ilə yaxındır davam edir. Qərb Rusiyaya ağır sanksiyalar tətbiq edib.
Bələdiyyə seçkiləri ilə bağlı Səbaildən şikayət var
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd Cəmilə Əlişeva ona inzibati əngəllərin yaradıldığını bildirir.
C.Əlişeva deyib ki, 23 saylı Dairə Seçki Komissiyasında (DSK) onun vəkilləri olacaq şəxslər üçün anket vərəqələri verilmir: "Biz dünən, yanvarın 14-də anket vərəqələri üçün gəldik, DSK sədri Ağabala Quliyev bizə dedi ki, 'anketlər qurtarıb, sabah gəlin'. Bu gün də gəlmişik, yenə dedi ki, 'yoxdur'. Mərkəzi Seçki Komissiyasına şikayət etdik, oradan Ağabala müəllimə zəng vururlar, zəngləri açmır. İndi isə ümumiyyətlə çıxıb gedib".
Namizədin sözlərinə görə, anketlər doldurulmalı, sonra isə notariusda təsdiqlənməlidir: "Yalnız bundan sonra vəkillərim öz səlahiyyətlərini icra edə bilərlər. Hazırda təşviqat kampaniyası gedir və bu süni əngəllər bizə kampaniya aparmağa imkan vermir".
23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasından “Turan”a deyilənlərlə bağlı məlumatlı olmadıqlarını bildiriblər və komissiya sədri ilə danışmağı məsləhət görüblər.
Komissiyanın sədri A.Quliyev və Mərkəzi Seçki Komissiyası ilə isə, hələlik, əlaqə saxlamaq mümkün olmayıb.
Xatırlatma
Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək. Əslində, onun ötən ilin sonunda keçirilməsi gözlənirdi. Azərbaycanda son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də baş tutub. Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyəti beş ildir və bu müddətdən gec olmayaraq seçki keçirilməlidir. Bəzi siyasi təhlilçilər və hüquqşünaslar bələdiyyə seçkilərinin vaxtında keçirilməməsini qanunsuz sayırlar. Milli Məclisin üzvləri bu barədə tənqidlərə cavab verərkən gecikməni ötən il noyabrın 11-dən 22-dək Bakıda COP29 konfransının keçirilməsi ilə əlaqələndiriblər. Amma bununla bağlı rəsmi izah ictimaiyyətə açıqlanmayıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) açıqlamasına görə, yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək. Namizədlərin isə təqribən iki dəfə çox - 16 min olduğu açıqlanıb.
Rusiyanın Yerevandakı səfiri XİN-ə çağrılıb
Rusiyanın Yerevandakı səfiri bu gün Ermənistan Xarici İşlər Nazirliyinə çağrılıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, yanvarın 12-də Rusiya dövlət televiziyasında yayımlanan "Həftəlik Xəbərlər" proqramında Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı səsləndirilmiş fikirlərlə əlaqədar rusiyalı diplomat XİN-ə dəvət olunub.
Görüşdə rusiyalı səfirə müvafiq etiraz məktubu təqdim olunub.
Bu etiraz ikitərəfli münasibətlərin o qədər də hamar getmədiyi bir vaxta təsadüf edir. Bunu yanvarın 14-də keçirdiyi mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov da təsdiqləyib. O, Moskva və Yerevan arasında münasibətlərinin hazırda mürəkkəb olduğunu deyib.
Lavrov Ermənistan hökumətinin Avropa İttifaqına qoşulma prosesinə başlamaq üçün layihəni təsdiqləmək qərarına toxunaraq qeyd edib ki, bu, Yerevanın suveren seçimidir, lakin müsbət və mənfi tərəfləri ölçüb-biçmək lazımdır: “Ermənistanın qanuni rəhbərliyinin gözlənilən yerdə istənilən beynəlxalq təşkilata qoşulma prosesinə başlamaq qərarı suveren qərardır. Amma bütün müsbət və mənfi cəhətləri ölçüb-biçmək, istisadi sektorla məşğul olanların məsuliyyətidir”, – Sergey Lavrov qeyd edib.
Ermənistan Nazirlər Kabinetinin ötən həftə təsdiqlədiyi sözügedən sənəddə ayrıca vurğulanır ki, "Ermənistan Aİ-yə üzvlük prosesinin başladığını elan edir".
Mətbuat konfransında Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənədə toxunan Rusiya xarici siyasət idarəsinin rəhbəri Yerevanın bu qərarını da suveren hesab etdiyini deyib. O bildirib ki, Moskva Ermənistana kiminlə əməkdaşlıq edəcəyini diktə etmir.
“Biz də Qərb ölkələri ilə bir sıra müqavilələrdə “strateji tərəfdaşlıq” terminologiyasından istifadə etmişik, lakin bu sazişlər heç vaxt bu və ya digər iştirakçıdan üçüncü ölkəyə qarşı hərəkət etməyi tələb etməyib”, – Lavrov bildirib.
Yanvarın 14-də ABŞ və Ermənistan strateji tərəfdaşlıq üzrə birgə komissiyanın yaradılması haqqında sənəd imzalayıblar. Bu, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtona işgüzar səfəri zamanı baş tutub.
Cənubi Koreya prezidenti həbs edilib
Cənubi Koreya prezidenti Yun Sok Yol həbs edilib. Bu barədə "Yonhap" agentliyi məlumat yayıb. Bu, ölkə tarixində ilk dəfə olaraq müvəqqəti vəzifəsindən uzaqlaşdırılmış, amma hələ də hakimiyyətdə olan prezidentin həbs olunması halıdır.
Agentliyin mənbələri bildirib ki, məhkəmə Yun Sok Yolun həbsini üç ittiham üzrə təsdiqləyib. Bunlar vəzifə səlahiyyətlərindən sui-istifadə, konstitusiyaya zidd olaraq hərbi vəziyyətin tətbiqi cəhdi və üsyan təşəbbüsüdür.
Prezidentin həbsi orderi ikinci cəhddə uğurlu olub. Yanvarın 15-də səhər saatlarında təxminən 200 polis əməkdaşı və Korrupsiyaya Qarşı Mübarizə Bürosunun 40 müstəntiqi onu dindirmək üçün prezidentin iqamətgahına gəlib. Lakin onlar daha əvvəl də olduğu kimi (3 yanvarda da buna cəhd etmişdilər) prezidentin mühafizə xidmətinin müqaviməti ilə qarşılaşıblar.
Təxminən iki saat yarımdan sonra üç cərgə baryeri aşan və nərdivanlardan istifadə edən polis əməkdaşları və müstəntiqlər binaya daxil ola biliblər.
Yun yaydığı qısa video-müraciətində bildirib ki, o, hələ də həbsini qanunsuz sayır, lakin qan tökülməsinin qarşısını almaq üçün tədqiqatçılara və polisə tabe olmağa qərar verib.
Seul məhkəməsi 2024-cü il dekabrın 31-də prezidentin həbsini və onun rezidensiyasının axtarışını həyata keçirmək üçün order verib. Bundan əvvəl isə yüksək vəzifəli dövlət məmurları ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Yun Sok Yola üç çağırış verilib. Prezident bu çağırışlara cavab vermədikdən sonra məhkəmə müvafiq orderi verib.
Prezidentin impiçmenti
Qeyd edək ki, dekabrın 14-də Cənubi Koreya parlamenti ikinci cəhddə ölkə prezidentinin impiçmentini dəstəkləyib. İlk səsvermə zamanı Yun Sok Yolun vəzifədən uzaqlaşdırılması üçün kifayət qədər səs toplanmamışdı.
İmpiçmentə Yun Sok Yolun dekabrın 3-də “Şimali Koreyanın yerli tərəfdarlarına qarşı mübarizə aparmaq üçün” hərbi vəziyyət elan etməsi səbəb olub. Altı saat qüvvədə olan fərman siyasi partiyaların işini, etiraz aksiyalarını, tətilləri yasaqlamış, senzura və hərbi tribunallar tətbiq etmişdi. Bu, həm Seul küçələrində, həm də parlamentdə genişmiqyaslı etirazlara səbəb olub. Hərbçilərin binaya basqın etməsi zamanı deputatlar prezidentin qərarının ləğvinə səs veriblər. Bundan sonra o, qanunla fərmanı ləğv etməyə məcbur olub. Dekabrın 7-də prezident hərəkətinə görə televiziya çıxışında üzr istəyib.
Yun Sok Yol sağçı qüvvələrin nümayəndəsidir. O, 2022-ci ildə prezident seçilib.
Lavrov Moskvanın Kiyevə təhlükəsizlik zəmanətini hansı halda verəcəyini deyib
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın Kiyev üçün təhlükəsizlik zəmanəti ilə bağlı müzakirələrə başlamağa hazır olduğunu deyib.
Bu barədə Rusiyanın xarici işlər naziri mətbuat konfransında danışıb. O bildirib ki, bu müzakirələrin başlaması üçün ilk olaraq daha irimiqyaslı təhlükəsizlik məsələlərinin həlli ilə bağlı razılığa gəlmək lazımdır.
Lavrov Rusiyanın qərbində - Avropa ilə sərhəddə təhlükələrin aradan qaldırılmalı olduğunu deyib.
Ukrayna prezidenti Volodimir Zelenski bu ayın əvvəlində bildirib ki, Kiyev üçün təhlükəsizlik zəmanətləri yalnız Birləşmiş Ştatlar tərəfindən təmin olunarsa, təsirli olacaq. Lakin belə bir təminat olmadan atəşkəs razılaşması Rusiyaya sadəcə silahlanmağa vaxt verəcək.
Zelenski həmçinin Ukraynanın NATO-ya üzv olmasına icazə verilməsini tələb edir. Lakin Rusiya bunu rədd edir və bu üzvlüyün qarşısını almaq üçün müharibəyə getdiyini deyir.
Kiyev narahatdır ki, Tramp münaqişəni tez zamanda yekunlaşdırmaqla bağlı vədini yerinə yetirmək üçün ABŞ-nin hərbi dəstəyini geri çəkərsə, Ukrayna ciddi güzəştlərə getməyə məcbur qalacaq.
Lavrov: "Tramp və komandası reallıqların fərqindədir"
Mətbuat konfransında Lavrov həmçinin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın bu münaqişənin sonlandırılması ilə bağlı mövqeyinə də münasibət bildirib. Lavrov deyib ki, Rusiya Tramp və onun komandasının Ukraynadakı "reallıqları" görməsini qeydə alıb. Onun sözlərinə görə, Moskva ABŞ-də hakimiyyətə gələcək yeni administrasiyanın "yerdə reallıqları daha tez-tez dilə gətirməyə başlamasını alqışlayır". O, həm Trampın, həm də Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Valtsın şərhlərinə istinad edib. Valts bazar günü ABC telekanalına müsahibəsində deyib ki, "müharibə diplomatik yollarla hansı bir formadasa bitməlidir".
"Mən bütün rusları Ukrayna torpağının hər qarışından, hətta Krımdan da qovacağımızı söyləməyi real hesab etmirəm. Prezident Tramp bu reallığı etiraf edib. Düşünürəm ki, bu, irəliyə doğru böyük bir addım idi və bütün dünya bu reallığı qəbul edir. Gəlin indi irəliləyək", - o deyib.
Rusiya təxminən üç ildir ki apardığı işğalçı müharibədən sonra Ukrayna torpaqlarının təxminən beşdə birinə nəzarət edir. Moskva iddia edir ki, münaqişəni sona çatdırmaq üçün istənilən razılaşmada bu fakt nəzərə alınmalıdır.
'Reuters': Rusiyadan neft daşıyan 65 tanker ABŞ sanksiyaları üzündən ilişib
Yanvarın 10-da ABŞ-nin yeni sanksiyalar paketini elan etməsindən sonra Rusiya neftini daşıyan ən azı 65 tanker lövbər salıb.
"Reuters" agentliyi "MarineTraffic" və LSEG gəmilərin hərəkət monitorinqi xidmətlərinin məlumatlarına əsasən bildirir ki, həmin tankerlərdən beşi Çin limanlarında, daha yeddisi Sinqapurda "ilişib". Digərləri isə Baltik dənizi və Uzaq Şərqdə Rusiya yaxınlığında dayanıb. İran limanları və Süveyş kanalına yaxın sularda da dayanmış daha 25 neft tankeri qeydə alınıb.
Yanvarın 13-də iki milyon bareldən çox Rusiya nefti daşıyan üç tankerin isə Çinin şərq sahillərindəki sularda lövbər saldığı müəyyən olunub. "Bloomberg" bildirib ki, bu tankerlərə yaxın ərazilərdəki limanlara giriş icazəsi verilməyib. Şandun əyalətindəki limanları idarə edən şirkət sanksiyaya düşmüş tankerlərin girişinə qadağa qoyub.
"Reuters"in məlumatına görə, Rusiya neftinin digər əsas alıcısı Hindistan da ABŞ sanksiyalarına məruz qalmış tankerləri boşaltmaqdan imtina edəcək. Yalnız yanvarın 10-dan əvvəl icarəyə götürülmüş gəmilər, martın 12-dən əvvəl boşaldılması şərti ilə, istisna olacaq. Bundan əlavə, Hindistan bankları neftin sanksiya qoyulan tədarükçülərdən gəlmədiyinə əmin olmaq üçün onun mənşə sertifikatlarını tələb edəcək.
ABŞ Maliyyə Nazirliyi ötən həftə Rusiyanın neft hasilatçıları "Qazprom Neft" və "Surqutnefteqaz"a sanksiyalar tətbiq edib. Bu şirkətlərlə dollar və ya Amerika maliyyə sistemindən istifadə etməklə maliyyə əməliyyatları aparmaq qadağan olunub. Rusiyanın ən böyük gəmiçilik şirkəti "Sovkomflot"a qarşı sanksiyaların müddəti növbəti dəfə uzadılıb. Məhdudiyyətlər Qərbin sanksiyalarını pozaraq müxtəlif ölkələrin bayraqları altında Rusiya neftini və neft məhsullarını daşıdığı iddia edilən 183 tankerə şamil olunub.
NATO Baltik dənizinin təhlükəsizliyini gücləndirir
NATO baş katibi Mark Rutte Baltik regionunda kritik infrastrukturun qorunması üçün yeni hərbi təşəbbüsü elan edib. Bu barədə NATO baş katibi Baltik dənizi sahilində yerləşən ölkələrin liderlərinin iştirakı ilə Helsinkidə keçirilən sammitdə bəyan edib.
Sammit zamanı Baltik regionu ölkələrinin liderləri kritik sualtı infrastruktura artan təhdidləri müzakirə ediblər.
Sabotaj aktlarının enerji və rabitə xətlərinə ciddi zərər vurduğunu deyən NATO rəhbəri bu istiqamətdə müttəfiqlər arasında əməkdaşlığın gücləndiriləcəyini bildirib. "Müttəfiqlərlə birlikdə təkcə kritik infrastrukturu deyil, dəyər verdiyimiz hər şeyi qorumaq üçün lazım olan bütün tədbirləri görəcəyik", - o vurğulayıb.
"Baltic Sentry" adlı yeni hərbi təşəbbüs NATO-nun Baltik dənizindəki hərbi mövcudluğunu artıracaq.
Baltik dənizində kritik sualtı infrastrukturu qorumaq və təhdidlərə qarşı effektiv mübarizə məqsədilə bu təşəbbüs çərçivəsində NATO freqatlar, dəniz patrul təyyarələri və digər vasitələrdən istifadə edəcək. Eyni zamanda, dəniz dronlarında ibarət kiçik bir donanma da əraziyə yerləşdiriləcək. "Gəmi kapitanları anlamalıdır ki, infrastrukturumuza yönəlmiş hər hansı potensial təhdidin ciddi nəticələri olacaq. Bu nəticələr arasında gəminin yoxlanılması, müsadirə və kapitanın həbsi də ola bilər", - NATO baş katibi xəbərdarlıq edib.