Keçid linkləri

2025, 31 Yanvar, Cümə, Bakı vaxtı 01:20

AŞPA 'konstruktiv' dialoq qurmağa çağırır


AŞPA
AŞPA

Avropa Şurası Parlament Assambleyası (AŞPA) yanvarın 27-də qəbul etdiyi 2580 saylı qətnamədə Azərbaycanla Gürcüstan da daxil bir sıra ölkələrdə demokratiyanın geriləməsi və insan haqlarının vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə edib.

Sözügedən qətnamə ötən il ərzində üzv dövlətlərin Avropa Şurası qarşısındakı öhdəliklərinə əməl etməsinin davamlı monitorinqinə əsaslanır.

AŞPA Azərbaycanda demokratiya, hüququn aliliyi və insan hüquqlarının vəziyyətinin daha da pisləşməsindən ciddi narahatlığını bildirir. Assambleya siyasi və vətəndaş cəmiyyəti fəalları, media nümayəndələri və hökumət tənqidçilərinə qarşı təzyiqlərdən narahatdır. Hakimiyyəti "repressiv" təqiblərə son qoymağa və siyasi motivli ittihamlarla saxlanılan bütün şəxsləri dərhal azad etməyə çağırır.

Hesabatda Azərbaycan parlamentinin 2025-ci il sessiyasında akkreditasiya üçün nümayəndə heyəti göndərmədiyi bildirilir.

Sənəddə həmçinin Azərbaycan hakimiyyəti Venesiya Komissiyasının tövsiyələrinə uyğun, siyasi partiyalar, media və qeyri hökumət təşkilatları (QHT) ilə bağlı müvafiq qanunvericiliyə düzəliş etməyə çağırılır.

AŞPA Azərbaycanın İşgəncənin və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Avropa Komitəsi (CPT) ilə əməkdaşlıqdan imtina etməsini qəti şəkildə pisləyir və hakimiyyəti bu orqanla əməkdaşlığı dərhal bərpa etməyə səsləyir.

Sözügedən sənəddə Assambleya 2024-cü ildə Azərbaycanda keçirilmiş növbədənkənar prezident və parlament seçkilərini müşahidə etmək üçün dəvət olunmadığını xatırladır: "AŞPA təəssüflə qeyd edir ki, beynəlxalq müşahidəçilərin qiymətləndirməsinə görə, bu seçkilər demokratik seçkilər üçün beynəlxalq standartlara uyğun olmayıb. Assambleya həmçinin Azərbaycanın Xarici İşlər Nazirliyinin 2527 saylı Qətnamənin lehinə səs verən 76 Assambleya üzvünü "arzuolunmaz şəxs" elan etməsini qətiyyətlə qınayır və bunu qəbuledilməz sayır. O, hakimiyyəti bu qadağanı dərhal ləğv etməyə və Avropa Şurasının orqanları – xüsusilə Nazirlər Komitəsi, Baş katib və Assambleya ilə bütün məsələlər üzrə konstruktiv dialoq qurmağa çağırır".

AŞPA Dağlıq Qarabağın Bakıda saxlanılan separatçı liderlərinin və bütün erməni hərbi əsirlər ilə bağlı vəziyyəti izləyir, Azərbaycana bu şəxsləri azadlığa buraxmağa dair çağırışını bir daha təkrarlayır.

Hakimiyyət təmsilçiləri bu deyilənlərə, hələlik, münasibət açıqlamayıblar. Ancaq indiyədək oxşar tənqidləri rədd edib, ölkədə fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildiriblər.

Üstəlik, rəsmi Bakı hesab edir ki, məhkəmələri başa çatmadan sözügedən şəxslərin azadlığa buraxılması istəyi istintaqın işinə müdaxilədir.

Azərbaycan nümayəndə heyəti AŞPA-da niyə yoxdur?

Yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlasa da, orada Azərbaycan nümayəndə heyəti olmayıb. Hələlik, bunun dəqiq səbəbini Milli Məclisin Mətbuat xidmətindən dəqiqləşdirmək mümkün olmayıb. Parlamentdəki mənbələrdən "Turan"a bildirilib ki, AŞPA-dan Azərbaycana dəvət gəlməyib, sessiyada iştirak edib-etməmək məsələsinə baxması üçün ilk növbədə ölkəyə dəvət göndərilməlidir.

Azərbaycanın Avropa Şurasında səs hüququndan məhrum edilməsinin təşəbbüskarlarından almaniyalı deputat Frank Şvabe isə X sosial şəbəkəsində belə yazıb: "Azərbaycan Avropa Şurasının dəyərlərinə və qaydalarına prinsipial hörmətsizlik nümayiş etdirdiyinə görə Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinə malik ola bilməyəcəyini etiraf edir və Strasburqa akkreditasiya üçün nümayəndə heyəti göndərmir".

Azərbaycanın qurumdakı səsvermə hüququ bir ildir dondurulub. Buna səbəb kimi, əsasən, Azərbaycanın qurum qarşısında insan hüquqları ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilib. Azərbaycan hakimiyyəti də buna cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb. Sonradan Bakı, üstəlik, həmin müzakirələrdə bu qərara səs vermiş deputatları qara siyahıya salaraq onların Azərbaycana gəlişinə məhdudiyyət qoyub. Rəsmilər bir neçə dəfə bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunandan sonra əməkdaşlığa hazırdırlar.

XS
SM
MD
LG