Dünya xəbərləri
Milyarder Fərhad Əhmədov keçmiş həyat yoldaşına 200 milyon dollar ödəyəcək
Əslən Azərbaycandan olan rusiyalı iş adamı, milyarder Fərhad Əhmədov, boşanma sonrası əmlak bölgüsü müqaviləsi çərçivəsində keçmiş həyat yoldaşına təxminən 207 milyon dollar ödəməyi qəbul edib.
Bu, sərvətinin təxminən yüzdə 15-i və İngiltərədəki məhkəmə tərəfindən 2017-ci ildə həyat yoldaşına verilən məbləğin yalnız üçdə biridir.
Bir neçə ildir keçmiş həyat yoldaşı Fərhad Əhmədovu məhkəməyə verib, Forbes jurnalinın 1,4 milyard dollar dəyərlkəndirdiyi əmlakının üçdən birini istəyirdi.
2016-cı ildə bir London məhkəməsi, milyarderin 453 milyon funt sterlinq (570 milyon dollar) ödəməsi ilə bağlı qərar çıxarıb. Financial Times qəzetinin qiymətləndirməsinə görə, bu boşanma zamanı verilən ən böyük məbləğlərdən biridir.
Əhmədov məhkəmənin qərarını yerinə yetirməkdən imtina edib. RBK-yə verdiyi müsahibədə milyarder məhkəmə qərarının onun üçün "tualet kağızından baha olmadığını" söyləib. Bundan sonra məhkəmə onun dünyadakı varidatına həbs qoyulmasını ilə bağlı qərar çıxarıb.
Bundan sonra, onun Dubay limanındakı 450 milyonluq "Luna" superyaxtasına həbs qoyulub.
Fobers jurnalinın məlumatına görə, Əhmədov bu məsələdə barışığa gəlsə də yaxtaa hüququnun bərpa olunması ilə bağlı razılığa gəlmək mümkün olmayıb.
Məhkəmədə udulan vəsaitin təxminən yarısı-103 milyon dollar onun keçmiş həyat yoldaşının vəkilinə çatıb.
Bütün xəbərləri izləyin
'Quran'ı yandıran Salvan Momika İsveçdə öldürülüb
İsveç mediasının yaydığı xəbərə görə, 38 yaşlı iraqlı qaçqın Salvan Momika yanvarın 29-u axşam saatlarında Stokholm şəhərinin Södertelye bölgəsindəki mənzilində güllələnib.
Stokholm polisi verdiyi açıqlamada hadisə ilə bağlı beş nəfərin saxlanıldığını bildirib.
İsveçdə yaşayan Momika 2023-cü ildə bir neçə dəfə antiislam aksiyası təşkil edib. Bu aksiyalardan birində o, Stokholm mərkəzi məscidinin qarşısında İslamın müqəddəs kitabını yandırıb. Bu hadisə Müsəlman ölkələrində ciddi qəzəbə səbəb olub. İsveçin Bağdaddakı səfirliyi iki dəfə hücuma məruz qalıb, İsveç səfiri diplomatik böhran fonunda ölkədən çıxarılıb.
2023-cü ilin avqustunda İsveçin təhlükəsizlik xidməti Quranın yandırılmasından sonra ölkənin prioritet hədəfə çevrildiyini əsas gətirərək terror təhlükəsi səviyyəsini beş ballıq şkala üzrə dördə qaldırıb.
İsveç hökuməti bu hərəkətləri pisləsə də, ölkədə ifadə və toplaşmaq azadlığının konstitusiya ilə qorunduğunu vurğulayıb. Bununla belə, isveçli prokurorlar kontekstdən və hadisə zamanı verilən açıqlamalardan asılı olaraq, belə hərəkətlərin "etnik qrupa qarşı nifrət təbliğatı" kimi də qiymətləndirilə biləcəyini bəyan edib.
S.Momikanın işi digər bir etirazçı Salvan Nacem ilə birgə məhkəmədə idi və yanvarın 30-da məhkəmə qərar çıxarmalı idi. Stokholm məhkəməsi açıqlama yayaraq bildirib ki, məhkəmə hökmü təqsirləndirilən şəxslərdən birinin ölməsi səbəbi ilə təxirə salıb.
Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub
Vaşinqton şəhər hava limanı yaxınlığında, Potomak çayı üzərində sərnişin təyyarəsinin hərbi helikopterlə toqquşması ilə əlaqədar ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hadisənin yerli vaxtla saat 21:00 radələrində baş verdiyini bildirib.
"CBS News" qəza yerində işləyən polisə istinadən xəbər verir ki, sudan 18 cəsəd çıxarılıb. Mənbənin sözlərinə görə, fəlakət nəticəsində sağ qalan hələ tapılmayıb.
Ronald Reyqan Milli Hava Limanından bütün qalxış və enişlər dayandırılıb.
Helikopterlə toqquşan təyyarənin "Bombardier" olduğunu açıqlayan FAA əlavə edib ki, təyyarə Kanzas ştatının Uiçito şəhərindən havaya qalxıb. O, eniş üçün yaxınlaşan zaman "Sikorsky H-60" helikopteri ilə havada toqquşub.
"American Airlines"in məlumatına görə, təyyarədə 60 sərnişin və dörd heyət üzvü olub.
"Sikorsky H-60 (Blackhawk)" helikopterində isə üç hərbçinin olduğu bildirilir.
Təyyarədə dünya çempionları da olub
Vaşinqtonda Potomak çayı üzərində sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində ölənlər arasında fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları Vadim Naumov və həyat yoldaşı Yevgeniya Şişkovanın da olduğu bildirilir.
1994-cü il Dünya Çempionatında cütlükdə qızıl medal qazanan Naumov və Şişkova idmançı karyeralarını bitirdikdən sonra Birləşmiş Ştatlara köçərək məşqçi fəaliyyətinə başlayıblar.
Onların 23 yaşlı oğlu Maksim ABŞ vətəndaşıdır və beynəlxalq yarışlarda Birləşmiş Ştatları təmsil edir. O, 2020-ci ildə gənclər arasında ABŞ çempionu olub.
'Gürcü arzusu' AŞPA-da fəaliyyətini dayandırıb
"Gürcü arzusu" partiyası Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırıb. Bu, AŞPA-nın Gürcüstanı yeni parlament seçkilərinin tarixini təyin etməyə çağıran qətnaməni böyük səs çoxluğu ilə qəbul etməsindən sonra baş verib. Sözügedən qətnamə 114-13 səs çoxluğu ilə qəbul edilib. Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani qətnamənin şərtlərini "qəbuledilməz, ədalətsiz və əsassız" adlandırıb.
Qətnamə Gürcüstan hakimiyyətini aprel ayına qədər yeni parlament seçkilərinin tarixini təyin etməyə, bütün siyasi məhbusları azadlığa buraxmağa və mübahisəli qanunlara yenidən baxmağa çağırır. Bu tələblər Tbilisidə və ölkənin digər bölgələrində Avropayönümlü etiraz aksiyalarını davam etdirən nümayişçilərin çağırışları ilə üst-üstə düşür.
"News Georgia" nəşrinin məlumatına görə, Tsulukiani qətnamənin yeni seçkilər keçirilməsi tələbini "Gürcüstanın suverenliyinin pozulması və 1 milyon 120 mindən çox "Gürcü arzusu" seçicisinin iradəsinin nəzərə alınmaması" kimi dəyərləndirib və bunu "qətiyyən qəbuledilməz" adlandırıb.
"Tərəfimizdən bu tələbi qəbul etmək seçicilərimizə və dolayısı ilə cəmiyyətimizin böyük hissəsinə xəyanət etmək olardı. Yuxarıda qeyd olunanlara əsasən, biz – Strasburqda olan Gürcüstan parlament nümayəndə heyətinin üzvləri bugündən etibarən AŞPA-dakı fəaliyyətimizi dayandırırıq", - Tsulukiani yanvarın 29-da bildirib.
Xatırlatma
"Gürcü arzusu" ötən ay keçmiş futbolçu və sağçı populist Mixeil Kavelaşvilinin namizədliyini prezident postuna irəli sürüb və daha sonra onu hakimiyyətə gətirib. Bu addım 2024-cü ilin oktyabrında keçirilmiş parlament seçkilərinin azad və ədalətli olmadığı ilə bağlı iddialara baxmayaraq atılıb.
Partiya seçkilərdə qalib gəldiyini iddia etsə də, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) bu prosesin səslərin satın alınması, ikiqat səsvermə, fiziki zorakılıq və təzyiqlərlə müşayiət olunduğunu bildirib.
Buna cavab olaraq, ölkədə antihökumət etirazları başlayıb. Noyabrda hakimiyyətin Gürcüstanın Avropa İttifaqına qoşulması ilə bağlı danışıqları təxirə salmaq qərarı bu etirazları daha da gücləndirib.
Hakimiyyət nümayişlərə sərt şəkildə müdaxilə edib, yüzlərlə insan həbs olunub, həmçinin etirazçılar Çin istehsalı olan üztanıma kameraları vasitəsilə izlənilib.
Putin 'qeyri-legitim' saydığı Zelenski ilə danışıqlar aparmayacağını deyib
Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenskini "qeyri-legitim" adlandıraraq onunla birbaşa sülh danışıqlarını istisna edib. Zelenski isə buna cavab olaraq Putini təxminən üç ildir sürən münaqişənin həlli üçün danışıqlardan qorxmaqda ittiham edib.
"İstənilən şəxslə danışıqlar aparmaq olar, lakin onun [Zelenskinin] qeyri-legitimliyi səbəbindən nəsə imzalamaq hüququ yoxdur", – Putin yanvarın 28-də "Rossiya 1" telekanalına bildirib.
Onun sözlərinə görə, əgər Zelenski danışıqlarda iştirak edərsə, birbaşa üz-üzə görüşmək əvəzinə, xüsusi nümayəndələr ayıracaq.
Putin artıq bir neçə dəfə bəyan edib ki, o, Zelenskini legitim lider saymır, çünki "onun beşillik prezidentlik müddəti keçən il, mayın 20-də başa çatıb".
2024-cü il martın 31-də Ukraynada seçkilər keçirilməli idi, lakin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalçı müharibəsinə görə ölkədə hərbi vəziyyət davam etdiyi üçün seçkilər təxirə salınıb.
"Bu gün Putin bir daha təsdiq etdi ki, o, danışıqlardan, güclü liderlərdən qorxur və müharibəni uzatmaq üçün əlindən gələni edir", – Zelenski sosial mediada paylaşımında bildirib.
Tramp Netanyahunu Ağ evə dəvət edib
İsrail baş nazirinin X sosial şəbəkəsindəki rəsmi hesabında bildirilib ki, ABŞ prezidenti Donald Tramp Benyamin Netanyahunu fevralım 4-də Ağ evdə görüşə dəvət edib.
Məlumatda vurğulanıb ki, Netanyahu Trampın ikinci prezidentlik müddətində Ağ evə dəvət edilən ilk xarici liderdir.
"Guardian" xəbər verir ki, dəvətlə bağlı prezident Tramp məktub göndərib. Məktubda bildirilib ki, görüşün məqsədi "İsrail və onun qonşularına necə sülh gətirə biləcəyimizi və ortaq düşmənlərimizlə mübarizə səylərini müzakirə etmək" ilə bağlıdır.
Prezident Tramp daha əvvəl jurnalistlərə açıqlamasında deyib ki, o, Qəzzadakı atəşkəsin davam edəcəyinə əmin deyil.
Atəşkəs şərtlərinə görə, İsrail və HƏMAS tezliklə daha uzunmüddətli sülh danışıqlarına başlamalıdır. Lakin çoxları bunun uğursuzluğundan və 15 aydan çox davam edən döyüşlərdən sonra əldə olunan atəşkəsin müvəqqəti olacağından narahatdır.
Tramp müəyyən silahların İsrailə tədarükü ilə bağlı Bayden administrasiyasının qadağasını ləğv edib.
Ukrayna müdafiə naziri korrupsiyada ittiham olunur
Ukraynanın müdafiə naziri Rustem Umerova qarşı cinayət işi açılıb. Bu, Müdafiə Satınalmaları Agentliyinin (AOZ) rəhbərinin müqaviləsinin uzadılması əmrinə Umerovun əməl etməməsi ilə bağlıdır.
Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) yanvarın 28-də AzadlıqRadiosuna bildirib ki, müdafiə naziri Umerovun öz səlahiyyətlərindən və ya rəsmi mövqeyindən sui-istifadə etməsi ehtimalı üzrə istintaq başladıb. Qeyd olunub ki, Umerov AOZ-un rəhbəri Marina Bezrukovanın müqaviləsini yeniləməkdən imtina edib və agentliyin Müşahidə Şurasının iki üzvünü vəzifədən çıxarıb.
NABU-nun bildirdiyinə görə, Umerovla bağlı istintaq qeyri-hökumət təşkilatı olan Antikorrupsiya Fəaliyyəti Mərkəzi (AntAC) tərəfindən verilmiş şikayət əsasında başladılıb.
Umerovla bağlı istintaq xəbəri Ukrayna Nazirlər Kabineti Müdafiə Nazirliyinin satınalma əməliyyatlarında aparılan dəyişikliklər çərçivəsində müdafiə nazirinin müavini Dmitro Klimenkovu vəzifəsindən azad etməsindən bir neçə saat sonra yayılıb.
Bu addımlar Ukraynanın üç ildir davam edən Rusiya işğalına qarşı mübarizəsində həlledici rol oynayan bir sektorda idarəetmə islahatlarına olan təcili ehtiyacı göstərir.
NABU bəyanatında bildirib ki, səlahiyyətlərdən və ya rəsmi mövqedən sui-istifadə ittihamı təsdiqlənərsə, bu, 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə, eləcə də cərimələr və digər sanksiyalarla cəzalandırıla bilər.
Rusiyanın müxtəlif regionlarına dron hücumları edilib
Rusiya hökumət rəsmiləri Smolensk, Nijni Novqorod, Tver, Kursk, Leninqrad və Bryansk vilayətlərində yanvarın 28-dən 29-na keçən gecə Ukrayna dronlarının hücumlarını qeydə aldıqlarını açıqlayıblar.
"Smolensk vilayətinin müxtəlif ərazilərində mülki obyektlər dronlar tərəfindən genişmiqyaslı hücuma məruz qalır", – vilayətin qubernatoru Vasili Anoxin "Telegram" kanalında yazıb. O bildirib ki, dronlardan biri nüvə enerji obyektinə hücum etməyə cəhd göstərərkən vurulub. Smolensk Atom Elektrik Stansiyası vilayətin əsas enerji istehsal müəssisələrindən biridir və Smolensk şəhərindən təxminən 100 kilometr məsafədə yerləşir.
Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin də bir dronun Kstov sənaye zonasında yerləşən yanacaq və enerji kompleksinin ərazisinə düşdüyünü bildirib.
Ukrayna sərhədi yaxınlığında yerləşən Bryansk və Moskvaya yaxın Tver vilayətlərinin qubernatorları da dron hücumlarının olduğunu bildiriblər, lakin onların sözlərinə görə, tələfat və dağıntı qeydə alınmayıb.
Təhlükəsizlik səbəbi ilə Kazan və Sankt-Peterburq hava limanlarında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib.
Rusiya Müdafiə Nazirliyi gecə saatlarında bir neçə region üzərində ümumilikdə 104 Ukrayna dronunun vurulduğunu xəbər verib.
Hər iki tərəf son aylarda pilotsuz uçuş aparatlarından (PUA) istifadəni artırıb və tez-tez düşmənin enerji infrastrukturunu hədəf alır.
Fransa Qrenlandiyaya qoşun göndərəcəyini istisna etmir
Fransanın xarici işlər naziri Jan Noel Baro "Sud Radio"ya müsahibəsində deyib ki, Paris Birləşmiş Ştatlar prezidenti Donald Trampın Danimarka ərazisini ilhaq etməklə bağlı bəyanatlarına cavab olaraq Qrenlandiyaya qoşun göndərilməsi məsələsini Kopenhagenlə müzakirə edib.
Baro Fransanın Danimarka ilə qoşun yerləşdirməni müzakirə etməyə başladığını, lakin bu ideyanın reallaşmasının "Danimarkanın arzusu" olmadığını əlavə edib.
Baronun bu açıqlaması Danimarka baş naziri Mette Frederiksenin müttəfiqlərdən dəstək almaq üçün Avropa paytaxtlarına səfərlərinin baş tutduğu vaxta təsadüf edir.
Tramp Danimarkanın nəzarətində olan nəhəng Arktika adasına sahib çıxmaq üçün mümkün imkanlardan istifadə edəcəyini bir neçə dəfə bildirib. Trampın fikrincə, Qrenlandiyaya nəzarət ABŞ-nin təhlükəsizliyi üçün vacibdir.
Danimarka baş naziri Frederiksen isə Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronla danışmaq üçün yanvarın 28-də səhər Berlin və Parisdə olub. Eyni zamanda o, Brüsseldə NATO-nun baş katibi Mark Rütte ilə görüşməyə hazırlaşır.
Bir neçə gün əvvəl isə Danimarka hökumət başçısı İsveç, Norveç və Finlandiya liderləri ilə görüşüb.
"Danimarka köməyə çağırsa, Fransa orada olacaq. Avropa sərhədləri istər şimal, istər cənub, istər şərq və qərb olsun, suverendir... heç kim sərhədlərimizi poza bilməz", - Fransanın baş diplomatı müsahibəsində vurğulayıb.
Baro həmçinin bildirib ki, Avropa İttifaqının xarici işlər nazirlərinin yanvarın 27-də Brüsseldə keçirilən görüşü zamanı onlar Kopenhagenə "çox güclü dəstək" ifadə ediblər və lazım gələrsə, "qoşunların göndərilməsini nəzərdən keçirməyə hazırdırlar".
Bununla belə, Fransa xarici işlər naziri Birləşmiş Ştatların Qrenlandiyanı işğal edəcəyinə inanmadığını söyləyib. "Amerikalılar Qrenlandiyanı işğal edəcəkmi? Yox, bu baş verməyəcək, heç kimin Avropa İttifaqı ilə münaqişəyə girmək marağı yoxdur", - fransalı nazir sonda deyib.
Tramp 'DeepSeek'in yüksəlişini ABŞ üçün 'xəbərdarlıq siqnalı' adlandırıb
Birləşmiş Ştatlar prezidenti Donald Tramp Çinin "DeepSeek" şirkətinin yüksəlişini "ABŞ texnologiya sənayesi üçün bir xəbərdarlıq siqnalı" adlandırıb. "DeepSeek" startapının "DeepSeek-R1" süni intellekt çat-botunun ortaya çıxması Uolt Stritdə ciddi təsirlər yaradıb. Belə ki, "Nvidia" kimi böyük texnologiya şirkətlərinin səhmləri kəskin şəkildə dəyər itirib. BBC xəbər verir ki, çip nəhəngi bazar dəyərində təxminən 600 milyard ABŞ dolları itirib.
Bu, ABŞ-nin süni intellekt sahəsindəki üstünlüyünün gələcəyi və Amerika şirkətlərinin planlaşdırdığı investisiyaların miqyası ilə bağlı suallar doğurur.
"DeepSeek R1" istifadəyə verildikdən cəmi bir həftə sonra ABŞ-də ən çox yüklənən pulsuz tətbiqə çevrilib.
Bu xəbərə münasibət bildirən prezident Tramp Çinin süni intellekt sənayesindəki son inkişafının ABŞ üçün "müsbət" ola biləcəyini deyib.
"Əgər bunu daha ucuz edə, daha az xərclə eyni nəticəyə nail ola bilirsinizsə, bunun bizim üçün yaxşı bir şey olduğunu düşünürəm", - Tramp jurnalistlərə açıqlamasında bildirib.
O, həmçinin bu irəliləyişdən narahat olmadığını əlavə edib və ABŞ-nin bu sahədə üstün mövqeyini qoruyacağını vurğulayıb.
BBC-nin məlumatına görə, "DeepSeek" bəzi ölkələrdə kibertəhlükəsizliklə bağlı narahatlıqlara da səbəb olub. Avstraliyanın elm naziri Ed Husiç bu məsələdə ehtiyatlı davranmağa çağırıb. O, yerli ABC telekanalına müsahibəsində bu tətbiqlə bağlı sualların yarana biləcəyini deyib: "Zamanla keyfiyyət, istehlakçı üstünlükləri, məlumat və məxfilik idarəçiliyi ilə bağlı cavablandırılması lazım olan bir çox sual meydana çıxacaq".
Tərtibatçıları iddia edirlər ki, "DeepSeek-R1" təxminən 6 milyon dollara başa gəlib – bu, rəqiblərin xərclədiyi milyardlarla müqayisədə əhəmiyyətli dərəcədə azdır.
CNN qeyd edir ki, "DeepSeek"in ortaya çıxması Birləşmiş Ştatların süni intellekti dəstəkləyən qabaqcıl çip texnologiyalarının Çinə satışını məhdudlaşdırdığı bir vaxta təsadüf edir. Çiplərin sabit tədarükü olmadan işlərini davam etdirmək istəyən Çin şirkətləri öz işlərini bir-birləri ilə bölüşüblər və texnologiyaya dair yeni yanaşmaları sınaqdan keçiriblər. Nəticədə əvvəlkindən qat-qat az hesablama gücü tələb edən süni intellekt modelləri yaranıb.
Serbiyanın baş naziri istefa verib
Serbiyanın baş naziri Miloş Vuçeviç istefasını mətbuat konfransında elan edib. Baş nazir bu qərarı artıq bir müddətdir davam edən kütləvi etiraz aksiyaları fonunda verib.
Mətbuat konfransında Vuçeviç "Novi-Sadın meri və mən Novi-Sadda baş verənlərə görə özümüzü obyektiv olaraq cavabdeh sayırıq və buna görə siyasi məsuliyyətimizi qəbul edərək istefa veririk" deyərək istefasını açıqlayıb.
"Baş nazirin istefası ilə bütün kabinet buraxılır, praktik olaraq bütün hökumət istefa verir. Yeni hökumət seçilənə və ya yeni bir siyasi qərar qəbul edilənə qədər işimizi məsuliyyətlə davam etdirəcəyik", - Vuçeviç bildirib. O əlavə edib ki, prezident Aleksandar Vuçiç onun istefa qərarını qəbul edib.
Serbiya Konstitusiyasına görə, əgər parlament baş nazirin rəsmi istefasından sonra 30 gün ərzində yeni hökumət seçə bilməzsə, prezident parlamenti buraxmalı və yeni seçkilər təyin etməlidir.
Serbiyada etirazlar noyabrda Novi-Sad şəhərində dəmiryol stansiyasının damının çökməsindən sonra başlayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub.
Bir çox insan faciəyə görə korrupsiyanı və tikinti işlərinə zəif nəzarəti günahlandırır.
Etirazlar əvvəlcə Novi-Sad faciəsinə yönəlsə də, sonradan Serbiya hakimiyyətinin etirazçıları həbs etməsi insanların qəzəbini artırıb.
HƏMAS-ın ilk mərhələdə azad etməli olduğu girovlardan səkkizi ölüb
İsraillə atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində HƏMAS-ın (ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu kimi tanınır) azad etməli olduğu 33 girovdan səkkizi ölüb. Bunu jurnalistlərə İsrail hökumətinin sözçüsü David Menser bildirib. Hökumət sözçüsü deyib ki, sağ olanlarla bağlı siyahı HƏMAS tərəfindən təqdim olunub.
"HƏMAS-ın siyahısı İsrailin kəşfiyyat məlumatı ilə üst-üstə düşür, ona görə də sizinlə paylaşa bilərəm... Səkkiz girov HƏMAS tərəfindən öldürülüb", - o, ölənlərin adını çəkmədən deyib.
Bununla da, HƏMAS-ın təqdim etdiyi siyahıya görə, yaxın həftələrdə azad edilməli olan 26 girovdan yalnız 18-i sağ-salamat qayıdacaq.
Bu həftə altı nəfərin sərbəst buraxılacağı gözlənilir. Belə ki, yanvarın 30-da girovların üçü, fevralın 1-də isə digər üç nəfər İsrailə təhvil verilməlidir. Onların arasında, vədlərə baxmayaraq, daha əvvəl azad edilməyən Arbel Yahud da var. İsrail HƏMAS-ı razılaşmaları pozmaqda günahlandırıb və Yahudun azad edilməsi məsələsi həll olunana qədər fələstinlilərin Qəzzanın şimalına hərəkətini müvəqqəti məhdudlaşdırıb.
Yahudun ABŞ və Aİ tərəfindən terror qruplaşması kimi tanınan "İslami Cihad" Fələstin qruplaşmasının girovluğunda olduğu ehtimal edilir. Yanvarın 27-də cihadçılar Yahudun videosunu yayıblar. Onun harada və hansı şəraitdə çəkildiyi açıqlanmır. İsrail və Rusiya vətəndaşı olan Aleksandr Trufanov da "İslami Cihad"ın girovluğundadır.
Yanvarın 15-də atəşkəs əldə ediləndən bəri HƏMAS yeddi qadın girovu azad edib. Sərbəst buraxılan 33 məhbusun müqabilində İsrail ağır cinayətlərə görə məhkum olunanlar da daxil olmaqla 2 minə yaxın fələstinli məhbusu həbsxanalarından azad etməyə razılaşıb.
2023-cü ilin 7 oktyabrında İsrailin cənubuna hücum zamanı HƏMAS silahlıları təxminən 250 nəfəri girov götürərək Qəzza zolağına aparıblar. 2023-2024-cü illərdə 165 nəfər azad edilib, onlardan 41-i ölüb. Təxminən 90 nəfər HƏMAS və "İslami Cihad"ın girovluğunda qalır, onlardan 30-dan çoxunun öldüyü güman edilir.
HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyat zamanı 47 mindən çox sakin həlak olub.
Aİ Gürcüstan diplomatları üçün vizasız rejimi dayandırır
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız gediş-gəliş rejimini dayandırmaq qərarına gəliblər. Sözügedən razılaşma bu gün, yanvarın 27-də Aİ Xarici İşlər Şurasının iclasında qəbul olunub. AzadlıqRadiosunun Avropa regionu üzrə redaktoru Rikard Yozvyak xəbər verir ki, bu qərar yaxın günlərdə qüvvəyə minəcək.
Qərarın qəbul edilməsi üçün yekdillik tələb olunmurdu və yalnız 15 ölkənin səsi kifayət edirdi. Macarıstan və Slovakiya qərara qarşı səs veriblər, amma bu ümumi nəticəyə təsir etməyib.
Daha əvvəl isə legitimliyi beşinci prezident Salome Zurabişvili və müxalifət tərəfindən tanınmayan Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, diplomatik pasport sahibləri üçün viza rejiminin ləğvi simvolik bir addımdır və onun heç bir praktiki əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, diplomatik pasport sahibləri Aİ ölkələrinə adi pasportla səfər edə biləcəklər.
Xatırlatma
2023-cü ilin dekabrında Aİ-yə namizəd statusu qazansa da, Gürcüstanda "xarici agentlər" və cinsi azlıqlara dair mübahisəli qanunlar qəbul edilib. Brüssel bu qanunları Avropanın dəyər və prinsiplərinə zidd saydığından Gürcüstanla Aİ-yə üzvlük danışıqlarını başlatmaqdan vaz keçib.
Qərb dövlətləri oktyabrda keçirilən parlament seçkilərinin sonuclarına şübhəylə yanaşır. Rəsmi bilgiyə görə, hakim "Gürcü Arzusu" 54 faiz səslə seçkidə qalib gəlib. Ancaq seçkilərin qanun pozuntuları və Rusiyanın müdaxiləsiylə keçirildiyi iddia edilir. Müxalifətin iki ekzit-polu hakim partiyanın 42 faiz səs topladığını göstərib. Həmin sorğularda dörd müxalif partiyanın səslərin çoxunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.
23 gizli bankir həbs olunub
2024-cü il noyabrın 19-da Avropanın hüquq-mühafizə orqanları iki ukraynalı qardaşın rəhbərlik etdiyi cinayətkar şəbəkəyə qarşı genişmiqyaslı əməliyyat keçirib. "Europol"un yanvarın 17-də yaydığı məlumata görə, ötən ilin oktyabrında həyata keçirilən reydlərdən sonra baş tutan əməliyyatda bir neçə şübhəli həbs olunub və müxtəlif cinayət aktivləri ələ keçirilib.
Ümumilikdə, bir neçə ay davam edən əməliyyat çərçivəsində 23 nəfər şübhəli saxlanılıb, 35.7 milyon avro dəyərində nağd pul, bank hesabları və kriptovalyutalar, həmçinin 36 avtomobil, daşınmaz əmlak, saatlar və zinət əşyaları müsadirə edilib.
"Europol" bildirib ki, əsasən ukraynalılardan, həmçinin erməni, azərbaycanlı və qazax milliyyətindən ibarət olan bu mütəşəkkil cinayətkar şəbəkə digər cinayət şəbəkələrinə nağd pul daşımaları və gizli bankçılıq xidmətləri göstərib.
Bu cinayətkar şəbəkənin tərkibində çinlilər də olub və onlar, əsasən, çirkli pulların yuyulması ilə məşğul olublar. Narkotik ticarəti, vergi qaçaqçılığı və qeyri-qanuni malların qaçaqmalçılığı ilə məşğul olan müxtəlif rusdilli və asiyalı cinayətkar qruplaşmalar bu mütəşəkkil dəstənin xidmətindən istifadə ediblər.
Qeyd olunub ki, cinayətlərin əksəriyyəti İspaniyada törədilib.
Ukrayna vətəndaşları kimi müvəqqəti müdafiə statusundan sui-istifadə ediblər
Şübhəlilərin 2022-ci ildən bəri Avropa İttifaqı tərəfindən Ukrayna qaçqınlarına və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsindən təsirlənən digər vətəndaşlara verilən müvəqqəti müdafiə statusundan sui-istifadə etdikləri güman edilir. Belə ki, Ukraynadan Avropaya gələn milyonlarla qaçqından bir çoxu müharibənin fəsadlarından qorunmaq üçün öz pullarını nağd şəkildə özləri ilə gətirib. Cinayətkar şəbəkə isə istisnalardan faydalanaraq böyük məbləğdə nağd vəsaitləri gömrük yoxlamaları zamanı ətraflı sorğu-sual və yoxlamaya məruz qalmadan köçürə bilib.
Pul daşıyıcıları – bəziləri cinayətkar liderlərin ailə üzvləri olmaqla – bu nağd vəsaitləri öz şəxsi əmlakları kimi bəyan edərək mütəmadi olaraq İspaniya, Kipr, Fransa və digər ölkələr arasında səyahət ediblər.
Bir neçə nağd pul daşıyıcısı həbsi olunduqdan sonra cinayətkar şəbəkə öz fəaliyyət üsulunu dəyişərək irihəcmli fiziki nağd pul köçürmələrindən kriptovalyuta sahəsinə keçib. Bu dəyişiklik pul köçürmələrinin izlənilməsini daha da çətinləşdirib.
İlkin hesablamalara görə, 2023-cü ilin martından 2024-cü ilin fevralına qədər ən azı 75 milyon avro məbləğində vəsait köçürülüb. Kiprdə keçirilən reydlər zamanı hüquq-mühafizə orqanları təxminən 26 milyon avro dəyərində kriptovalyutanı müsadirə edib və dondurub.
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması barədə razılığa gəlib. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas X sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.
"Aİ xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların yenidən uzadılmasına razılaşdılar. Bu, Moskvanı apardığı müharibəni maliyyələşdirmək üçün gəlirlərdən məhrum olunmasını davam etdirəcək. Rusiya vurduğu ziyanın bədəlini ödəməlidir", - Aİ-nin ali diplomatının paylaşımında qeyd olunub.
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibə başladığı zamandan bəri Aİ Rusiya qarşı bir neçə sanksiya paketi tətbiq edib. Yanvarın 31-də sanksiyaların müddəti bitirdi və onun müddətinin uzadılması üçün üzv ölkələrin hamısının razılığı tələb olunurdu.
Hüquqi baxımdan, Aİ ölkələri bu məhdudiyyətlərin hər altı aydan bir yenilənməsinə yekdilliklə səs verməlidir.
Sanksiyalarla bağlı qərarı bloklama ehtimalı olan Macarıstan da razılaşmanı dəstəkləyib.
Macarıstanın baş naziri Viktor Orban sanksiyaları yeniləmə qərarından əvvəl Donald Tramp administrasiyası ilə məsləhətləşmələr aparılmasını tələb etmişdi. Lakin ABŞ prezidenti Rusiyanı sülh danışıqlarına məcbur etmək niyyətində olduğunu bildirib və hətta yeni sanksiyalar barədə Kremlə xəbərdarlıq edib.
Daha sonra Budapeşt Rusiyadan Macarıstana qaz nəqlini təmin edən razılaşmanın Ukrayna tərəfindən ləğv olunmasından narazılığını əsas gətirib.
Bununla belə, Rusiya ilə digər Aİ üzvlərindən daha sıx iqtisadi və siyasi əlaqələr saxlayan Macarıstan bazar ertəsi nazirlərin görüşündə sanksiyaların uzadılmasına razılıq verməyə hazır olduğunu bildirib.
Macarıstanın xarici işlər naziri Peter Siyarto Facebook-da bildirib ki, Budapeştin sanksiyaların uzadılmasına səs verməsi Avropa Komissiyasının Aİ-yə üzv dövlətlərin enerji təhlükəsizliyinə kənardan təhdidlər yarandıqda hər dəfə tədbir görəcəyinə dair zəmanət verib-verməyəcəyindən asılı olacaq.
Yanvarın 27-də səhər saatlarında Aİ səfirlərinin görüşündə Avropa Komissiyası Ukraynanın qaz kəmərləri sistemi vasitəsilə Avropaya tədarük mövzusunda Kiyev ilə müzakirələri davam etdirməyə hazır olduğu barədə açıqlama təqdim edib.
Macarıstan Belarusda prezident seçkisi ilə bağlı Aİ-nin birgə bəyanatını bloklayıb
AzadlıqRadiosu Brüsseldəki mənbələrinə istinadən bildirir ki, Macarıstan nümayəndələri Avropa İttifaqı (Aİ) ölkələrinin yanvarın 26-da Belarusda keçirilən prezident seçkisini rədd etməyi nəzərdə tutan birgə bəyanatının qarşısını alıblar.
Aİ-nin birgə bəyanatı üçün 27 üzv ölkənin nümayəndələrinin imzasına ehtiyac var. Lakin Macarıstanın bundan imtinası nəticəsində birgə bəyanat əvəzinə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın adından bəyanat verilib. Bəyanatda 26 yanvar seçkisinin azad və ədalətli olmadığı bildirilib. Aİ-nin top diplomatı Belarus hakimiyyətini bütün siyasi məhbusları azad etməyə çağırıb.
Kallasın sözlərinə görə, rejimin seçkilərdən yalnız 10 gün əvvəl ATƏT-in müşahidəçilərini dəvət etməsi onlara bütövlükdə seçki prosesini effektiv izləməyə imkan verməyib.
"Bu, bu seçkilərə olan tam etimadsızlığın daha bir sübutudur", –Kallas bəyanatında bildirib.
Keçən həftə Macarıstan 27 Aİ ölkəsi adından Belarusdakı "antidemokratik" prezident seçkisi ilə bağlı seçkidən əvvəlki bəyanatı da imzalamaqdan imtina edib. Slovakiya da ilkin mərhələdə Macarıstana qoşulsa da, sonradan bu ölkənin nümayəndələri bəyanatı imzalamaq qərarına gəliblər.
Lukaşenko 7-ci müddətə prezidentliyini 'təmin etdi', Aİ seçkini 'saxta' saydı
Belarusun avtoritar lideri Aleksandr Lukaşenko yeddinci müddətə prezident postuna seçilməyi təmin edib. Avropa İttifaqı liderləri bu seçkini "saxta" adlandırıb.
Səslərin hamısı sayıldıqdan sonra Belarusun Mərkəzi Seçki Komissiyası ilkin nəticələrə əsasən, 26 yanvar seçkisində Lukaşenkonun 86.8 faiz səs topladığını açıqlayıb. Onun ən yaxın rəqibi Sergey Sirankov isə 3.2 faiz səs qazanıb.
Daxili İşlər Nazirliyi seçki məntəqələrində ciddi pozuntuların qeydə alınmadığını bildirib. Nazirlik "Telegram" kanalında bildirib ki, polis əməkdaşları və hərbi qulluqçular seçki zamanı ictimai təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər həyata keçiriblər.
30 ildir ki hakimiyyətdə olan və Rusiyanın müttəfiqi sayılan Lukaşenko yanvarın 26-da səs verdikdən sonra mediaya açıqlamasında Belarusda "sərt demokratiya"nın mövcud olduğunu deyib. Lakin müxalifət, hüquq müdafiə təşkilatları və Qərb bu fikirlə razılaşmır.
Aİ və Belarus müxalifəti seçkini "saxta" adlandırır
Vaşinqtonda yerləşən "Freedom House" hüquq-müdafiə təşkilatı son hesabatında Belarusu "seçkilərin açıq şəkildə saxtalaşdırıldığı və vətəndaş azadlıqlarının ciddi şəkildə məhdudlaşdırıldığı avtoritar dövlət" kimi xarakterizə edib.
Litvada yaşayan müxalifət lideri Svetlana Tixanovskaya X sosial şəbəkəsində Avropanın müxtəlif şəhərlərində seçkilərə etiraz aksiyalarının keçirildiyini yazıb. O bildirib ki, "Belarus azadlıq tələb edir".
Seçkilərdən əvvəl Avropa İttifaqının (Aİ) yüksəkvəzifəli rəsmiləri seçkinin legitimliyini və Lukaşenkonun gözlənilən qələbəsini şübhə altına alıblar.
Avropa Parlamentinin sədri Roberta Metsola seçkini "saxta" adlandıraraq X sosial şəbəkəsində yazıb: "Belarus xalqına mesajım: Güclü olun, biz sizin yanınızdayıq, diktatura dövrü başa çatacaq".
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas isə Lukaşenkonu 30 ildir hakimiyyətdən yapışmaqda günahlandıraraq onun növbəti "saxta" seçkidə özünü yenidən təyin edəcəyini bildirib. O, X sosial şəbəkəsində paylaşımında bunu "demokratiyaya açıq-aşkar hörmətsizlik" adlandırıb.
Lakin Lukaşenko tənqidləri rədd edərək Qərb liderlərinin bəyanatlarına əhəmiyyət vermədiyini bildirib.
"Bu seçkiləri tanıyıb-tanımamaq – zövq məsələsidir. Mənim üçün fərqi yoxdur. Əsas odur ki, belaruslular bu seçkiləri tanıyır", – o, yanvarın 26-da Minskdə keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib.
Auşvitsin azad olunmasından 80 il keçir
Bu gün, yanvarın 27-də Auşvitsin azad olunmasının 80-ci ildönümü qeyd olunur. Avropa liderləri isə xüsusən Almaniyada növbəti ay keçiriləcək parlament seçkiləri öncəsi sağçı ekstremist partiyalarının artan təsirindən narahatdırlar.
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bildirib ki, Avropa Holokost qurbanlarının xatirəsini anmağı öz öhdəliyi hesab edir.
"Soyuqqanlı şəkildə qətlə yetirilən 6 milyon yəhudi və Holokostun bütün qurbanlarını heç vaxt unutmayacağıq", - o, yanvarın 26-da X sosial şəbəkəsindəki paylaşımında bildirib.
1940-cı ildə nasist işğalçıları tərəfindən Polşanın cənubunda qurulmuş bu ölüm düşərgəsi İkinci Dünya müharibəsinin sona çatmasından cəmi bir neçə ay əvvəl, 1945-ci il yanvarın 27-də Sovet qoşunları tərəfindən azad edilib.
Mərasimdə Polşa prezidenti Andjey Duda, Almaniya prezidenti Frank-Valter Ştaynmayer və Almaniya kansleri Olaf Şoltsun iştirakı gözlənilir.
Bugünlərdə kansler Şolts çətin bir seçki kampaniyasının ortasındadır. Almaniya kansleri anti-miqrasiya mövqeli radikal sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının artan təsiri ilə üz-üzədir.
Şolts AfD mitinqində səsləndirilən "Böyük Almaniya" və nasist cinayətlərinə görə alman günahını unutmağın zəruriliyi şüarları ilə bağlı Polşa baş nazirı Donald Tuskun tənqidlərini dəstəklədiyini bildirib. D.Tusk X sosial şəbəkəsində bu şüarların "çox tanış və qorxulu" olduğunu və Auşvitsin azad edilməsinin ildönümünə yaxın bir vaxtda səsləndirildiyini vurğulayıb.
İldönümü həmçinin Beynəlxalq Holokostu Anma Günü ilə üst-üstə düşür. Polşada anma mərasimlərindən əvvəl İsrail hökuməti illik hesabatını təqdim edib. Hesabatda bildirilir ki, hazırda İsraildə Holokostdan sağ qurtulan 123 mindən çox şəxs yaşayır.
Putin: 'Doğrudan da, Trampla görüşsək yaxşıdır'
Rusiya prezidenti Vladimir Putin qarşılıqlı maraq doğuran məsələləri "sakitcə" müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampla görüşmək istədiyini bildirib.
"Doğrudan da, bu günün reallıqlarına əsaslanaraq görüşməyimiz, həm ABŞ, həm də Rusiyanı maraqlandıran bütün sahələr üzrə sakit danışmağımız daha yaxşı olardı. Biz hazırıq", - Putin "Rossiya 24" telekanalının efirində Pavel Zarubinə müsahibəsində deyib.
Putin Trampı "təkcə ağıllı deyil, həm də praqmatik insan" adlandırıb. Rusiya prezidentinin fikrincə, o, Amerika iqtisadiyyatına ziyan vuracaq sanksiyalarla bağlı qərarlar qəbul etməyəcək.
Cümə günü yayımlanan həmin müsahibədə Putin bildirib ki, onun Trampla "həmişə sırf işgüzar, eyni zamanda praqmatik və etibarlı" münasibətləri olub. "Mən onunla razılaşmaya bilmərəm ki, 2020-ci ildə onun qələbəsini oğurlamasaydılar, bəlkə də, 2022-ci ildə Ukraynada yaranmış bu böhran olmazdı", - o əlavə edib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Putinin Trampla danışığa hazır olduğunu bildirmişdi. "Putin hazırdır, siqnalları gözləyirik", - o, cümə günü jurnalistlərin suallarını cavablandırarkən deyib.
Peskov, digər məsələlərlə yanaşı, Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticəsinin dünya neft qiymətlərindən asılı olmadığını, hərbi əməliyyatların Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdidlə bağlı olduğunu söyləyib.
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Putinin əvvəlki ABŞ administrasiyasının rəhbəri Co Baydenlə şəxsi görüşü olmayıb.
Yanvarın 22-də Tramp Putinə müraciət edərək sövdələşməyə getməyə və müharibəni dayandırmağa çağırıb. ABŞ prezidentinin sözlərinə görə, Rusiya razı olmazsa, Vaşinqton ona qarşı yeni rüsumlar və sanksiyalar tətbiq edə bilər. Bununla belə, Tramp təklif etdiyi "sövdələşmə"nin məzmunu ilə bağlı təfərrüatları açıqlamayıb.
V.Putin dəfələrlə vurğulayıb ki, Rusiya yalnız Ukrayna Moskvanın daha əvvəl ilhaqını elan etdiyi dörd bölgədən qoşunlarını çıxararsa, sülh danışıqlarına gedəcək. Kiyev bunu özü üçün qəbuledilməz şərt adlandırır.
Ukrayna prezidenti Volodimir Zelenski "Bloomberg"ə müsahibəsində Rusiya ilə danışıqlar "güclü mövqedən" aparılacaqsa, ona hazır olduğunu bildirib. Bunun üçün Ukrayna, onun sözlərinə görə, Birləşmiş Ştatlardan lazımi təhlükəsizlik zəmanəti almalıdır.
Hakim Trampın vətəndaşlıq fərmanı ilə razılaşmır
Sietl ştatının federal məhkəmə hakimi ABŞ prezidentinin bu ölkədə doğulanlara avtomatik verilən vətəndaşlıq hüququnun ləğvi ilə bağlı fərmanını dayandırıb. Sözügedən sənədi prezident Tramp inauqurasiya günü, yanvarın 20-də imzalayıb. Tramp konstitusiya müddəasının yeni şərhini təklif edib. İndiyədək bu müddəa ABŞ ərazisində doğulan bütün uşaqların avtomatik olaraq bu ölkənin vətəndaşı olmasını nəzərdə tuturdu.
Avropa və Amerika mediasında Trampı tənqid edənlər bildirir ki, yeni qərar 1868-ci ildə qəbul olunmuş konstitusiya düzəlişinə ziddir. 100 ildən artıqdır ki, bu düzəliş Amerika məhkəmələri tərəfindən ABŞ-də doğulan uşaqların xeyrinə şərh edilir.
BBC xəbər verir ki, insan haqları qrupları və Demokratların üstünlük təşkil etdiyi bir neçə şəhər və ştatın hökumətləri federal məhkəmələrdə bir neçə iddia qaldırıb. Bunlardan ilkinə Vaşinqton ştatının Sietl şəhərində baxılıb və məhkəmə 25 dəqiqədən çox çəkməyib. Federal hakim Con Kofenur fevralın 19-da qüvvəyə minməli olan fərmanı müvəqqəti olaraq dayandırıb.
Administrasiyanın bu qərarı daha yüksək instansiyalarda mübahisələndirmək imkanı olacaq.
Bu həftə fərmana qarşı bir neçə başqa iddia da qaldırılıb.
Yanvarın 23-də oxşar iddia ilə bağlı hüquqşünasların konfransında Ədliyyə Nazirliyinin hüquqşünası Merilend ştatında federal hakimə bildirib ki, hələ ki heç bir federal qurum gələn ay fırmanın icrasına başlamağa hazırlaşmır.
"Üç gün əvvəl bu fərman verilib. Ona görə də agentliklərin onu həyata keçirmək üçün lazım olan siyasəti hazırlaması hələ çox tezdir", - vəkil Bred Rozenberq ABŞ dairə hakimi Debora Bordmana deyib.
Hakim iddiaçıların fərmanın müvəqqəti olaraq bloklanması ilə bağlı vəsatətləri üzrə iclası fevralın 5-nə təyin edib.
Rubio və Fidan Azərbaycanla Ermənistan arasında sülhü müzakirə ediblər
ABŞ dövlət katibi Marko Rubio və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
ABŞ Dövlət Departamentinin rəsmi saytında bildirilir ki, yanvarın 22-də olan telefon danışığında M.Rubio ABŞ-Türkiyə münasibətlərinin əhəmiyyətini, Türkiyənin NATO-nun əsas müttəfiqi kimi rolunu və regionda ortaq maraqların olduğunu vurğulayıb.
Dövlət katibi Suriyada hərtərəfli siyasi keçidin vacibliyini qeyd edib. O, yeni hökumətin Suriyanın beynəlxalq terrorizmin mənbəyinə çevrilməsinin qarşısını almalı və xarici zərərli qüvvələrin bu keçid prosesindən öz məqsədləri üçün istifadə etməsinə imkan verməməli olduğunu bildirib.
Dövlət Departamenti yaydığı məlumatda bildirir ki, tərəflər həmçinin Ermənistan və Azərbaycan arasında "uzunmüddətli və ləyaqətli" sülhün təmin olunmasının vacibliyini müzakirə ediblər.
İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh danışıqları üç ildən çox davam etsə də, hələlik, sülh müqaviləsi imzalanmayıb. Danışıqlar həm ABŞ, həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) ayrı-ayrılıqda vasitəçiliyi ilə aparılıb.
Sonuncu dəfə Vaşinqtonun tərəflər arasında xarici işlər nazirləri səviyyəsində təklif etdiyi görüş baş tutmayıb. ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında (5-6 dekabr) Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramovla Ararat Mirzoyan görüşməyiblər. Azərbaycanda hakimiyyətə yaxınlığı ilə seçilən yerli saytların iddiasına görə, Birləşmiş Ştatların ovaxtkı dövlət katibi Antoni Blinken iclas çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərini görüşdürmək istəsə də, Bakı təklifdən imtina edib.
"Səbəb kimi göstərilib ki, "ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür",- həmin saytlarda diplomatik mənbələrə istinadla bildirilir.
Ermənistan kəşfiyyatının fikrincə, Azərbaycanın genişmiqyaslı hücum ehtimalı yüksək deyil
Ermənistan Xarici Kəşfiyyat xidməti yanvarın 23-də yayımladığı illik hesabatında "müxtəlif fakt, bilgi və hadisələrin təhlili əsasında bu qənaətə gəlib ki, indi Azərbaycanın Ermənistan əleyhinə genişmiqyaslı hücuma keçmə ehtimalı yüksək sayılmır".
Sənəddə bu da vurğulanır ki, sülh sazişi və dövlətlərarası münasibətlər olmadığından sərhəddə lokal gərginlik və eskalasiya riski qalır: "Bu riskin aradan qaldırılması üçün potensial təminat 2024-cü ildə başlanan sərhədlərin delimitasiya və demarkasiya prosesinin aramsız davam etdirilməsi ola bilər".
Ermənistan Xarici Kəşfiyyat Xidməti Azərbaycanın bu ölkə ilə bağlı "Qərbi Azərbaycan" və "qərbi azərbaycanlılar", "Ermənistanın hərbiləşdirilməsi", "revanşizm" və “Zəngəzur dəhlizi" kimi mövzularını diqqətlə izlədiyinə də diqqət çəkir.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir bölümünə nəzarətini bərpa etmişdi.
Azərbaycan ötən il sentyabrın 19 və 20-də Qarabağda "lokal antiterror tədbirlər" elan etmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı.
Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.
Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.
Paşinyan: Böyük ehtimalla parlament Aİ-yə üzvlük layihəsini qəbul edəcək
Ermənistan parlamentində "Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında" qanunvericilik təşəbbüsü hələ müzakirəyə çıxarılmasa da, baş nazir Nikol Paşinyan bu qanunun qəbul olunacağına inandığını bildirib.
Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Ermənistan hökumət başçısı panel müzakirəsində bu haqda məlumat verib.
"Əslində bu, vətəndaş cəmiyyətinin təşəbbüsü idi. Onlar Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə başlamaqla bağlı qanun layihəsi təqdim etdilər. Hökumətimiz bunu təsdiqlədi və parlamentimizin bu qanunu qəbul edəcəyi ehtimalı çox yüksəkdir. Bu, hüquqi baxımdan o deməkdir ki, biz Avropa İttifaqına daha da yaxınlaşmaq prosesinə başlayırıq. Niyə Avropa İttifaqına yaxın olmaq istəyirik? Çünki biz demokratik bir ölkəyik", – baş nazir bildirib.
Yanvarın 9-da hökumət Ermənistanın Avropa İttifaqına qoşulma prosesinə başlamaq haqqında qanun layihəsini təsdiqləyib. Layihənin müəllifləri Qərbpərəst "Avroreferendum" partiyasının üzvləridir. Onlar qanun layihəsini parlamentə təqdim etmək üçün qanunla tələb olunan 50 mindən çox imza toplamışdılar.
Moskva elə həmin gün Ermənistan hökumətinin bu qərarına reaksiya verib. Rusiya baş nazirin müavini bu addımı Avrasiya İqtisadi İttifaqından çıxışın başlanğıcı kimi gördüklərini və bu vəziyyəti nəzərə alaraq Yerevana qarşı iqtisadi siyasət hazırlayacaqlarını bəyan edib.
NATO baş katibi: Tramp haqlıdır
"Politico" xəbər verir ki, NATO-nun baş katibi Mark Rütte ABŞ prezidenti Donald Trampın avropalı müttəfiqlərdən müdafiə xərclərini artırmaq tələbinin tamamilə ədalətli olduğunu deyib.
"O, haqlıdır, əlbəttə, problem ABŞ-də deyil, problem Avropadadır", - Rütte yanvarın 23-də Dünya İqtisadi Forumunda Ukrayna ilə bağlı keçirilən səhər yeməyi müzakirəsində bildirib.
Bunun ardınca Trampın xüsusi nümayəndəsi Riçard Qrenell Rütteni Niderlandın müdafiə xərcləri və Niderlandın baş naziri olduğu dövrdəki fəaliyyətinə görə tənqid edib.
"Davos panelində biz NATO-nun baş katibinin Ukraynanın NATO-ya daxil olmasından danışdığını eşidirik", - Qrenell Los-Ancelesdən video ilə müzakirəyə qoşularaq bildirib. "Müdafiə xərclərini ödəyənlər amerikalılardır. Əgər Niderland da daxil olmaqla, NATO üzvləri öz paylarını ədalətli şəkildə ödəmirlərsə, siz Amerika xalqından NATO-nun çətirini genişləndirməyi tələb edə bilməzsiniz".
"Politico" xatırladır ki, M.Rütte Niderlandın baş naziri olduğu zaman bu ölkə həmişə NATO-nun ÜDM-in 2 faizlik müdafiə xərcləri hədəfini yerinə yetirmirdi. Lakin indi o, dünyanın ən güclü hərbi alyansına rəhbərlik etdiyinə görə mövqeyini dəyişib.
"Tramp belə düşünürdü ki, ABŞ pis şərtlərlə müqavilə bağlayıb və Avropa öz sosial modelini, səhiyyə, pensiya sistemini maliyyələşdirərkən müdafiə sahəsinə lazımi vəsaiti ayırmır. Əlbəttə, hələ də heç kim 2 faiz hədəfinə çatmayıb. Bu, birinci problemdir. İkinci problem isə budur ki, 2 faiz heç də kifayət etmir. Siz dediyiniz kimi, bu, çox azdır", - Rütte bildirib.
ABŞ prezidenti D.Tramp dəfələrlə NATO müttəfiqlərini müdafiə xərclərini artırmağa çağırıb. O, ABŞ-nin transatlantik hərbi alyansdan çıxması məsələsini qaldırıb. 2024-cü il seçki kampaniyasında hətta bildirib ki, əgər üzv dövlətlər hərbi xərclərlə bağlı üzərilərinə düşəni etməsə, o, Rusiyanı NATO üzvü olan ölkələrə hücuma "təşviq edəcək".
Tramp Yəməndəki husi hərəkatını 'terror təşkilatı' kimi tanıyıb
ABŞ prezidenti Donald Tramp Yəmənin husi hərəkatını (rəsmi adı "Ənsar Allah") yenidən "xarici terror təşkilat" kimi tanıyıb.
Ağ evdən bildirilib ki, keçən illər ərzində husilər Səudiyyə Ərəbistanında mülki hava limanlarına, Birləşmiş Ərəb Əmirliklərinə ölümcül hücumlar ediblər: "2023-cü ilin oktyabrından bəri husilər İsrailə 300-dən çox raket atıblar. Husilər həmçinin, Babül-Məndəb boğazından keçən kommersiya gəmilərinə 100-dən çox hücum edib, ən azı dörd mülki dənizçini öldürüblər. Husilərin hücumları Qırmızı dənizdəki bəzi kommersiya gəmiçiliyi marşrutlarını dəyişməyə məcbur edib ki, bu da qlobal inflyasiyaya səbəb olub".
2021-ci ildə prezidentliyə başladığı vaxt Co Bayden Yəməndəki humanitar vəziyyəti nəzərə alaraq, Trampın daha əvvəl verdiyi "xarici terrorçu təşkilat" statusunu ləğv etmişdi. Lakin Qırmızı dənizdəki hücumlara görə Bayden keçən il "Ənsar Allah"ı "Xüsusi Əhəmiyyətli Qlobal Terrorçu" təşkilat elan etmişdi. Bu, sanksiyaların bir qədər aşağı səviyyəsi sayılır.
Böyük Britaniyanın "Oxfam" təşkilatı Trampın bu qərarının Yəməndəki mülki əhalinin vəziyyətini daha da ağırlaşdıracağı, vacib qida, dərman və yanacaq idxalının pozulacağı barədə xəbərdarlıq edib.
Son zamanlar husilər İsrail və HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasından sonra Qırmızı dənizdəki hücumları azaldacaqlarını bildiriblər. Bundan əlavə, onlar bir ildən artıqdır ki Yəmən sahillərində ələ keçirdikləri "Galaxy Leader" ticarət gəmisinin heyətini azad ediblər.
Rövşən Əsgərov Rusiyada 'ekstremist' elan olunub
"Rosfinmonitorinq" siyasətçi Leonid Qozmanı və "Nə? Harada? Nə zaman?" teleşousunun keçmiş iştirakçısı Rövşən Əsgərovu terrorçular və ekstremistlər siyahısına daxil edib.
2024-cü ilin iyulunda Qozman Rusiyada "saxta" hərbi xəbərlər işi üzrə qiyabi olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qozmana qarşı cinayət işinin açılmasına səbəb onun Facebook və Telegram kanalındakı paylaşımları olub. Rusiya hakimiyyəti bu paylaşımları ölkə rəhbərliyi və Silahlı Qüvvələri barədə "təhrif olunmuş məlumatlar" kimi qiymətləndirib.
Qozman artıq 2022-ci ildə Rusiyanı tərk edib.
Ötən ilin oktyabrında Moskva şəhər Məhkəməsi Qozmanın həyat yoldaşı Marina Yeqorovanı "mütəşəkkil qrupun tərkibində mədəni sərvətlərin qaçaqmalçılığı" ittihamı ilə ev dustaqlığına məhkum edib. Hüquq-mühafizə orqanları onların irsən əldə etdiyi bir neçə gümüş əşyanı "mədəni sərvətlər" kimi təqdim edib. Yeqorovanın guya tərkibində olduğu mütəşəkkil qrup isə Qozman, Yeqorovanın özü və onu sərhəd-keçid məntəqəsinə aparan sürücüdən ibarət olub.
Rusiya hüquq-mühafizə orqanları R.Əsgərova qarşı nasizmin reabilitasiyasına görə cinayət işi açıb. Müstəntiqlərin fikrincə, Əsgərov öz Facebook səhifəsində "böyük rus sərkərdəsi, Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onun xatirəsini ləkələyən qəsdən yalan məlumat" dərc edib. Əsgərov hazırda xaricdə yaşayır.
Aİ-nin baş diplomatı Trampın müdafiə xərclərinin artırılması çağırışını dəstəkləyir
Avropa İttifaqı (Aİ) müdafiə xərclərini artırmalı, "ən pis vəziyyətə hazırlaşmaq" və "lazım gələrsə, təkbaşına" mübarizə apara bilmək üçün tədbirlər görməlidir.
Bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bu gün Brüsseldə Avropa Müdafiə Agentliyinin illik konfransında çıxışında deyib.
"Milli kəşfiyyat agentliklərimizin bir çoxu bizi məlumatlandırır ki, Rusiya üç-beş il ərzində Aİ-nin özünümüdafiə hazırlığını sınaqdan keçirə bilər", - Kallas deyib. O, Rusiyanın üç ay ərzində Aİ-nin 27 üzv ölkəsinin birlikdə 12 ayda istehsal edə biləcəyindən daha çox silah və sursat istehsal edə biləcəyi barədə xəbərdarlıq edib.
"Tramp haqlıdır"
K.Kallas deyib ki, ABŞ prezidenti Aİ-ni müdafiə sahəsinə lazımi maliyyə ayırmadığı üçün tənqid etməkdə haqlıdır: "Prezident Tramp haqlıdır ki, biz yetərincə vəsait xərcləmirik. Artıq investisiya qoymağın vaxtıdır. Amerika Birləşmiş Ştatları bizim ən güclü müttəfiqimizdir və belə də qalmalıdır. Aİ-nin ABŞ-yə mesajı aydındır – biz öz müdafiəmiz üçün daha çox iş görməli və Avropanın təhlükəsizliyinə görə məsuliyyətin ədalətli payını üzərimizə götürməliyik", - Avropa İttifaqının top diplomatı çıxışında vurğulayıb.
"Euronews" yazır ki, növbəti 10 il ərzində Aİ-nin müdafiə sahəsində rəqabət qabiliyyətini qoruyub saxlaya bilməsi üçün azı 500 milyard avroya ehtiyacı olacaq. Lakin indiyədək 2021-2027-ci illəri əhatə edən Aİ-nin uzunmüddətli büdcəsində müdafiə və təhlükəsizlik üçün cəmi 13 milyard avro ayrılıb ki, bu da ümumi büdcənin cəmi 1.2 faizini təşkil edir.
"Bizə üzv dövlətlərdən və özəl sektordan, eyni zamanda, ümumi Avropa büdcəsindən investisiyalar lazımdır. Biz 1 faizdən daha çox xərcləməliyik", – Aİ-nin Ali Nümayəndəsi deyib.
"Vahid Avropa ordusu lazım deyil"
Keçən il Aİ-yə üzv dövlətlər müdafiə sahəsinə ortalama olaraq ÜDM-in 1.9 faizini ayırıb. Digər tərəfdən, Rusiya bu sahəyə ÜDM-in 9 faizini xərcləyib.
Litva regionda Rusiyanın mümkün təcavüzü səbəbindən 2026-cı ildən etibarən müdafiə xərclərini ÜDM-in 5-6 faizi səviyyəsinə yüksəldəcəyini elan edib. Lakin İtaliya və İspaniya kimi bəzi iri iqtisadiyyatlar hələ də NATO-nun 2 faizlik hədəfinə çata bilməyib.
K.Kallas deyib ki, "müdafiə yüksək ixtisaslaşmış və yüksək intensivlik tələb edən bir sahədir, buna pul, insan resursları və zaman lazımdır. Bizim pulumuz və insan resurslarımız var, amma zamanımız yoxdur. Ukrayna bizə vaxt qazandırır".
Aİ-nin Ali Nümayəndəsi Avropanın vahid orduya ehtiyac olmadığını da diqqətə çatdırıb: "Bizə vahid Avropa ordusu lazım deyil. Bizə 27 üzv ölkənin ordusu lazımdır ki, onlar bacarıqlı olsun, rəqiblərimizi çəkindirmək və Avropanı müdafiə etmək üçün effektiv şəkildə birlikdə işləyə bilsinlər".
Bir neçə gün əvvəl Fransa prezidenti Emmanuel Makron da Avropanı oyanmağa və təhlükəsizlik baxımından ABŞ-dən asılılığı azaltmaq üçün müdafiə xərclərini artırmağa çağırıb.
Fransa hərbi qulluqçuları qarşısında çıxış edən prezident Makron soruşub: "Əgər sabah Amerika müttəfiqimiz Aralıq dənizindən döyüş gəmilərini çıxarsa, nə edəcəyik? Əgər onlar qırıcı təyyarələrini Atlantikdən Sakit okeana yönəltsələr?".
"Ukraynaya yardım prioritetimiz olmalıdır"
Kallas bildirib ki, Avropanın birinci prioriteti Rusiya işğalına qarşı mübarizə aparan Ukrayna qüvvələrinə yardım göstərmək olmalıdır.
"Ukraynaya daha çox kömək edə biləcəyimizə heç bir şübhə yoxdur. Bizim dəstəyimizlə onlar müharibədə qalib gələ bilərlər", –o vurğulayıb.
"Putinin anladığı yeganə dil güc dilidir", – Kallas əlavə edib.
Ermənistan XİN Türkiyəyə başsağlığı verib
Ermənistan Xarici İşlər Nazirliyi Türkiyədə çox sayda insan tələfatına səbəb olan yanğınla bağlı başsağlığı verib. Ermənistan XİN-in rəsmi X hesabında bununla bağlı paylaşım edilib.
"Türkiyənin Bolu bölgəsində çoxsaylı insanın həyatına son qoyan faciəvi yanğın səbəbindən dərin kədər hissi keçiririk. Düşüncələrimiz qurbanlar və onların ailələri ilədir. Yaralananlara tezliklə sağalmağı arzu edirik", - paylaşımda deyilir.
Yanvarın 21-də Bolu vilayətində yerləşən "Kartalkaya" xizək kurortundakı 12-mərtəbəli hoteldə baş verən yanğında ölənlərin sayı 76-ya çatıb, 50-dən çox insan isə yanıq xəsarətləri alıb.
Yanğının səbəbləri araşdırılır. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə əlaqədar hotel kompleksinin sahibi də daxil olmaqla doqquz nəfər saxlanılıb.